Xəbərlər
Elnarə Akimova: Azərbaycanın gücü - İlham Əliyev
ELNARƏ AKİMOVA
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru
Bu gün İlham Əliyev tarix yazır, onu dəyişir, yenidən yaradır, sabah isə tarix onun obrazını özündə əbədiləşdirib gələcək nəslin yaddaş ünvanına çevirəcək. Ümummilli lider Heydər Əliyevin söylədiyi gözəl bir fikir var: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bunlar tarix yaradan bir şəxsiyyətin, milli məfkurəli dövlət qurucusunun yalnız inamından hasilə gələn fikirlər deyildi, bu inamın kökündə İlham Əliyevdə ehtiva olunan dövlətçilik şüuruna, dövləti sağlam düşüncə və əzmlə idarə etmək və irəli aparmaq gücünə əminliyin diqtəsi dayanırdı. Zaman bu müdrik şəxsiyyətin qənaətlərində yanılmadığını sübut etdi.
**
O qədər ki, bu gün artıq hər kəsin inamla etiraf edəcəyi bir gerçək var: Azərbaycan naminə həyata keçirdiyi misilsiz işlər, imza atdığı siqlətli əməllərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin ən dəyərli əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Heydər Əliyevin uğurlu siyasi kursunun bariz örnəyi! İlham Əliyevin siyasi fəaliyyəti, hakimiyyətə gəldiyi illərdən etibarən nümayiş etdirdiyi yüksək səriştə və əzm ilk növbədə, varislik haqqını qoruyaraq Yola davam etməsindədir. Bir önəmli məqama diqqət çəkmək istəyirəm. Viktor Andriyanovun “Görkəmli adamların həyatı” seriyasından çap olunan, qüdrətli liderin siyasi həyatına, keçdiyi keşməkeşli zaman kəsiminə əhatəli nüfuzun yer aldığı “İlham Əliyev” kitabında oxuyuruq:
“Mehriban Əliyeva: “1987-ci ildən sonra bizim ailəmiz həqiqətən çox böyük çətinliklərlə üzləşdi. İlham özünü itirmədi. Hər şey elədi ki, ailəsi, uşaqlar bu çətinliyi hiss etməsinlər. O zaman çox böyük problemlərimiz var idi, bizə demək olar ki, heç kəs kömək etmirdi. Onun sayəsində biz çox üzgünlük çəkmədik...”
-Ağır idimi? – “Günay” qəzetinin jurnalisti bir il keçəndən sonra İlham Əliyevdən soruşur?
-Ağır idi, - İlham həqiqəti gizlətmir”.
İlham Əliyev sovet epoxasının basqı, təzyiq və çətinlikləri içrə yetişsə də milli təəssüb, milli müəyyənlik duyğularını uca tutan lider oldu. Milli məfkurəyə sadiqliyi meyara çevirdi, müstəqil dövlətin keşiyində bu amala xidmətlə dayandı. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq, noyabrın 10-a qədər davam edən 44 günlük müharibə bunun sübutu oldu. Azərbaycan işğal altında olan tarixi torpaqlarını Müzəffər Ordunun və Ali Baş Komandan İlham Əliyevin əzmi ilə geri qaytardı. Bu, həm də öz dəyərlərinə, tarixi haqqına sahib çıxmağı bacaran qüdrətli siyasətçinin gücü demək idi.
**
Millət olmağın, bütöv yaşamağın yaddaşda və amalda keçdiyi yolun müxtəlif mərhələləri olur. 90-cı illərdə bir xalq olaraq bu yolu Ümummilli lider Heydər Əliyevlə keçdik. O mərhələ ki, görünməmiş mənəvi, əxlaqi-siyasi deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə dünyada çox şey, bəlkə də hər şey dəyişdi: texnogen sivilizasiya özünü tükətdi, qlobal zor və şər stixiyası, anti insani düşüncə meydan suladı, irqçi fəlsəfələr, vulqar qərbçi “humanizm” oyunları, məzhəbçi müharibələr kamalın təntənəsinin heç bir nəticə verməyəcəyinin sübutu oldu. Gözəllik dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal qalib gəlmədi.
Belə bir qlobal və geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət və antiinsani dünya kultunun hakimi-mütləq olduğu bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala apokalipsis baxışın gücləndiyi bir dönəmdə toparlanıb millətimizin taleyində tarixi bir dönüşə imza atmaq İlham Əliyevin siyasi səriştəsinin, dövləti təfəkkürünün və intellektinin ifadəsi idi. O, hər cür süni, qondarma qanun və stereotiplərin, perspektivdən məhrum bəyanatların qarşısına milli müqəddəratın meyarını qoydu. Bütövlüyünü qanı ilə qazanmağa layiq orduya, milli miqyasda düşüncə və təşkilati iş vüsətinə sahib olduğunu dünyaya təqdim etdi. Müstəqillik mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali Baş Komandan İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi məğrur lider obrazı isə onun məqsəd və mövqeyinə real-əməli mündəricə qazandıran əsas rəmzlərdən oldu.
**
Bu qələbə İlham Əliyevin ilk növbədə, məfkurə baxımından gördüyü işlərin məntiqi yekunu kimi təzahür etdi. Bu işlər hansılardır?
Vaxtilə Ümummilli lider Heydər Əliyev “Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz” – deyirdi. İlham Əliyevin də məsələyə münasibəti eyni kontekstdən nəşət edir. Bütün hallarda məqsəd, məram birdir: xalqın milli-mənəvi dəyərlərinin heç bir halda deqradasiyaya məruz qalmasına yol verməmək: “Bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər. Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq, eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir”.
Bu artıq böyük sınaqlardan çıxmış və özünü təsdiq etmiş Heydər Əliyevin dövlətçilik təliminin yeni tarixi reallıqda və müasir dövrün yeniləşən tələbləri işığında uğurla və uzaqgörənliklə davamı deməkdir.
Biz Heydər Əliyev yolunun İlham Əliyevdə davam tapmasından bəhs edərkən yalnız siyasi-diplomatik rakursu nəzərdə tutmuruq. İlham Əliyev elmə, sənətə yanaşmada da Heydər Əliyev qərarlarının qaldığı yerdən başlayır, yaxud verilən sərəncamların yenilənməsində, ədiblərin, görkəmli şəxsiyyətlərimizin dəyərləndirilməsində meyarları qoruyur. Məsələn, görkəmli dövlət xadimi Heydər Əliyevin “Dədə Qorqud” dastanlarına münasibəti ilə Prezident İlham Əliyevin bu möhtəşəm ədəbi abidəni qiymətləndirməsi Azərbaycanda Heydər Əliyevlə başlayan milli-siyasi proseslərin davamlılığından soraq verir. Məlum olduğu kimi, vaxtilə “Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqında fərman imzalamış və möhtəşəm yubiley tədbirləri keçirmiş Heydər Əliyev bu dastana mühüm azərbaycançılıq hadisəsi kimi baxmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 dekabr 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud parkının və Dədə Qorqud heykəlinin açılışı mərasimindəki çıxışında da dastana münasibətdə Azərbaycançılıq ön mövqedə dayanmışdır: “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur”.
Nizami Gəncəvi ilə bağlı zamanında atılmış mütərəqqi addımlar ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Onun “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı öz icrası ilə qədim dövr ədəbiyyatımızın müasir dünyada təbliğinə xidmət edib. Belə ki, yubiley ilində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin Çaoyan parkında Nizami Gəncəvinin büstü qoyulmuş, 28 oktyabr 2012-ci ildə Meksikanın Akapulko şəhərində isə heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilmişdir. 23 dekabr 2011-ci il tarixli sərəncamı ilə başlanan beynəlxalq tədbirlər silsiləsi 2012-ci ilin 1 oktyabrında Bakıda Heydər Əliyev sarayında başa çatmışdır. Nizaminin 870 illik yubileyi ilə əlaqədar olaraq bütün türk dünyasında “Nizami Gəncəvi ili” elan edilmiş, onun yubileyi TÜRKSOY-da beynəlxalq səviyyədə qeyd olunmuşdur. İlham Əliyev 2013-cü ildə də şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək, yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması, dövrü, ədəbi irsi və məktəbi problemlərinin müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiq olunması məqsədilə Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsi haqda sərəncam imzalamışdır.
Təsadüfi deyil ki, müharibə bitən kimi, 2021-ci ili İlham Əliyev “Nizami ili” elan elədi. Bu, mədəni iqlimə köklənməyə gözəl bir vəsilə olmaqla bərabər, geopolitik maraqların mərkəzində olduğumuz indiki məqamda dünyaya bir də Nizami xalqı, Nizami milləti olaraq üz tutmağımızın mesajı kimi simvolik çalar kəsb edir.
Digər bir böyük şairimiz – Nəsimiyə münasibətdən danışmaq olar. Nizamidən bir neçə əsr sonra yaşamış İmadəddin Nəsiminin Şamaxıda heykəlinin açılış mərasimi 2005-ci ilin 26 aprelində baş tutmuş, Prezident İlham Əliyev bu möhtəşəm tədbirdə iştirak etmişdir. 2008-ci ildə onun təşkilatçılığı ilə Hələb şəhərində beynəlxalq konfrans keçirilmiş, Nəsimi ərəb elmi dairələrinin diqqət mərkəzinə gətirilmiş, ərəb alimləri onun yüksək humanist fikirləri ilə tanış olmuşlar. 2004-cü ildə Nəsimi irsinin ikicildliyi 25 min tirajla latın qrafikası ilə çap edilmişdir.
Eləcə də 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyi YUNESKO səviyyəsində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin böyük təşkilatçılığı ilə qeyd edilmişdir.
Məlumdur ki, 23 oktyabr 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Hüseyn Cavidin 110 illiyi təntənəli qeyd edilmiş, ev-muzeyi yenidən qurulmuş, məzarı üzərində məqbərəsi tikilmiş və 1996-cı ilin oktyabrında açılışı olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu işlər davamını tapmaqdadır. Dramaturqun beş cildliyi Turan Cavid tərəfindən nəşr edilmiş, Prezidentin 2005-ci ildə imzaladığı sərəncamla əsərləri latın qrafikasında buraxılmışdır. 2018-ci ildə İlham Əliyevin Hüseyn Cavidin 135 illiyinin keçirilməsi haqda imzaladığı sərəncam dahi şairə göstərilən növbəti iltifat oldu. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin Cavidlə bağlı təməlini qoyduğu siqlətli işlərin nəticəsi idi ki, İlham Əliyevin əməli fəaliyyətində də uğurlu davamını tapırdı.
Bakı şəhərində Dədə Qorqud abidə kompleksinin yaradılması, xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması müstəqillik dövrü ədəbiyyat epoxasının möhtəşəm hadisələridir. Son illərdə ölkədə aparılan böyük quruculuq proseslərinin tərkib hissəsi kimi Azərbaycan Yazıçılar Birliyinin, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Dövlət Milli Dram Teatrının, Opera Teatrının, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Sumqayıt və Şəki teatrlarının, Naxçıvan Yazıçılar Birliyinin və ölkəmizin digər ədəbiyyat və mədəniyyət ocaqlarının, görkəmli yazıçıların ev muzeylərinin əsaslı şəkildə yenidən qurulması, yeni texnologiya və müasir avadanlıqlarla təchiz edilməsi ölkəmizdə ədəbiyyata və incəsənətin inkişafına göstərilən dövlət qayğısının əməli ifadəsidir. Bakı şəhərində Muğam Mərkəzinin yaradılması, Gəncədə Mirzə Şəfi Vazeh, Şəkidə Bəxtiyar Vahabzadə və Şahbuzda Məmməd Araz, Kəngərli rayonunda Şahtaxtlılar, Ordubadda Məhəmməd Tağı Sidqi muzeylərinin, Gədəbəydə Ozan evinin tikilib istifadəyə verilməsi ölkəmizdə sənətə, ədəbi-mədəni mühitə diqqətin göstəricisi kimi dəyərləndirilməlidir.
Ümummilli lider Heydər Əliyev ən çətin dövrlərdə Elmlər Akademiyasını böhrandan qorumuş, “Akademiya – elmin laboratoriyasıdır”, - deyərək ona sahib çıxmışdır. Eyni həssas münasibət hakimiyyətdə olduğu bütün dövrlərdə İlham Əliyev siyasətinin prioriteti olmuşdur. Akademiyanın müxtəlif illərdə yubileylərinin keçirilməsi, ayrı-ayrı institutlarının əməkdaşlarının təltif edilməsi, dəyərləndirilməsi buna sübutdur. Prezidentin xüsusi sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Yüksək Texnologiyalar Parkının fəaliyyətinin qısa müddətdə marağa səbəb olması, təcrübə-sənaye zavodunda müasir bazarın maraqlarına uyğun məhsullar istehsal etməsi isə ölkə elmi mühitinin ən əhəmiyyətli hadisələrindəndir.
16 aprel 2007-ci ildə haqqında sərəncam imzalanmış Almas İldırımın, 2008-ci ildə Mikayıl Müşfiqin 100, 17 aprel 2007-ci ildə Hüseyn Cavidin 125 illiyinin qeyd olunması müstəsna əhəmiyyət kəsb edir. Bura 130 illiyi qeyd olunan M.Ə.Rəsulzadə, 150 illiyi qeyd olunan Əhməd Ağaoğlu haqda sərəncamları, eləcə də 2018-ci ilin Cümhuriyyət ili kimi qeyd olunması haqda fərmanı əlavə etsək qüdrətli liderimizin dövlətçiliyin güclənməsi üçün hansı məsələlərə daha çox önəm verdiyi məlum olar.
Müsəlman şərqində ilk demokratik respublika kimi tarixdə öz yerini tutmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin 2018-ci ildə ölkədə geniş qeyd edilməsi İlham Əliyevin hadisəyə siqlətli baxışının sayəsində gerçəkləşmişdir. O, bu hadisəni Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi qiymətləndirirdi: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar azadlıqsevər və mütərəqqi xalqdır”.
İlham Əliyevin atdığı müqtədir addımlardan biri milli triadanın müəllifi, bayrağımızdakı üç rəngin memarı, XX əsrin əvvəllərində türk-turan düşüncəsinin bütövlənməsində müstəsna xidmətləri olmuş Əli bəy Hüseynzadə ilə bağlıdır. Məlumdur ki, 2017-ci ilin sonlarında Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar atasına məxsus əşyaları Azərbaycana bağışlamışdır. Bundan bir neçə ay sonra - 2018-ci ilin mart ayının 17-də ölkə başçısı İlham Əliyev böyük ideoloqun qızını “Dostluq” ordeni ilə təltif etdi. Bu, Türkiyə və Azərbaycan arasında münasibətləri möhkəmləndirməyin və Əli bəy Hüseynzadənin ruhuna göstərilən sayqının ən dəyərli nümunəsi oldu.
Bəli, İlham Əliyev dövlətimizin yüksəlişi, Azərbaycanın Avropa mədəniyyətinə inteqrasiyası naminə siyasi, iqtisadi məzmunlu çox qərarlar imzalayıb. Amma elə qərarlar var ki, türk məfkurəsinin illərdir diri qalmasında, bütövlənməsində, türk düşüncəsinin qalibiyyətində təməl rolu oynamaqdadır. Əli bəy Hüseynzadənin tam bəraətinə rəvac verən 21 yanvar 2014-cü il tarixli sərəncam, bir az əvvəl xatrılatdığım kimi, Azərbaycanda 2018-ci ilin Cümhuriyyət ili elan olunması və qeyd etdiyim Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın Azərbaycan dövlətinin böyük mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilməsi. Türk dünyasının nəhənglərinin - Çingiz Aytmatovun, Oljas Süleymenovun layiq görüldüyü “Dostluq” ordeninin Əli bəy Hüseynzadənin qızına təqdim olunması böyük mütəfəkkirin yüz il əvvəl türkçülük, turançılıq istiqamətində gördüyü nəhayətsiz işlərə verilən ən böyük dəyər, qədirdanlıq nümunəsidir.
İlham Əliyevin milli məfkurənin qurulması və qorunması istiqamətində memarı olduğu işlər barədə çox danışmaq olar. O işlər ki, sadalandıqca ölkə rəhbərinin yaddaşa etibarı və milli vüqarı görünür, dövləti ucaltmaq naminə atdığı uzaqgörən, strateji addımların sabahını görməyə imkan yaradır. Və böyük bir tarixi gerçəyi bəlli edir: İlham Əliyevin 2008-ci ildə Bakıda İstiqlal Bəyannaməsini abidələşdirməsi, Azərbaycanda türk qanlı, islam imanlı, Avropa fikirli bayrağımız üçün Bayraq meydanlarını qurması, eləcə də türk ruhunu ehtiva edən aydınlarımızın irsinə həssaslıqla yanaşması bu günün zəfər təntənəsinə hesablanmış strateji gücün təzahürü idi.