Xəbərlər
Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini dəyişib
“44 Vətən müharibəsində əldə edilmiş böyük zəfərin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Bu qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Heç şübhəsiz ki, böyük qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin yaratdığı yeni reallıq ilə regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları müəyyən olunacaq: “Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda yeni fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir”.
Ramil Vəlibəyov vurğulayıb ki, ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilib: “Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılıb. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun çəkilməsi regionun logistik simasını tamamilə dəyişdirəcək. Minlərlə kilometr avtomobil yolu çəkiləcək, bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr qısa müddət ərzində icra ediləcək. İçməli su və bununla bağlı işlər, kənd təsərrüfatı işləri, bir milyon insanı doğma məkanlarına qaytarılması, yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, mədəniyyət ocaqların inşası, habelə digər irihəcmli işlər böyük qayıdış çərçivəsində reallaşdırılacaq. Eyni zamanda, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. “Ağıllı kənd” layihəsi də artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçirilir. 2021-ci ilin sonuna qədər layihə tam başa çatacaq. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Bu cür müasir layihələr bütün digər ərazilərdə də icra olunacaq”.
“Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Zəngəzur dəhlizi böyük qələbənin zirvəsidir: “Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir”.