YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni “Media haqqında” qanun cəmiyyətdə bu sahəyə olan hörmət və ehtiramın yenidən formalaşmasına xidmət edəcəkdir

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Öncəliklə vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı daim aktiv və təxirəsalınmaz ictimai-siyasi fəaliyyətlə məşğul olduğu, hər zaman müxtəlif sferalardan olan vətənşlarla fəaliyyət göstərdiyi üçün təşkilatımızın istər yazılı, istərsə də görsəl media nümayəndələri ilə yaxşı münasibətləri vardır. Biz eyni zamanda da sosial şəbəkələrin fəal istifadəçisi kimi məlumat axınının ayrılmaz tərkib hissəsiyik. Təşkilatımızın fəaliyyətinə ictimai nəzarəti təşkil etmək məqsədi ilə də media nümayəndələri ilə əməkdaşlığımız fəaliyyətimizin prioritet hissəsini təşkil etməkdədir.

Xüsusi vurğulamaq istərdim ki, ölkədə hər tərəfli həyata keçirilən islahatlar kursunun tərkib hissəsi kimi jurnalistika sahəsinə də diqqətin ayrılması və islahatların vaxtında həyata keçirilməsi tarixi hadisədir. Nəzərə alsaq ki, 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır, onda media haqqında qanunun yenilənməsinin nə dərəcədə vacib olduğunu daha yaxşı anlayarıq. Ölkə Başçısı və YAP-ın sədri cənab İlham Əliyev 2018-ci ildə növbəti dəfə xalqın etimadını Prezident kimi qazandıqdan sonra bir çox sahədə olduğu kimi medianın inkişafı sahəsində də dərin tərəqqi mərhələsi başlamışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi dövlət başçısının həm demokratik dəyərlərə, həm də jurnalistika peşəsinə verdiyi dəyərin təzahürü kimi qiymətləndirilməlidir.

Ölkədə həyata keçirilmiş müxtəlif istiqamətli siyasi islahatlar demokratik dəyərlərə inam və etimadın olduğunun bariz göstəricisidir. Qalib dövlət kimi bundan sonra da bütün sahələrdə olduğu kimi medianın inkişafı sahəsində də ciddi addımlar atılacaqdır. Media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir. Mətbuatdan və sosial şəbəkələrdən izlədiyim qədər qanun layihəsinin hazırlanma prosesində ölkənin ən tanınmış jurnalistləri iştirak edirlər. Milli Məclisdə həyata keçirilən müzakirələrdə, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə böyük həssaslığın olduğu nəzərə alınmışdır. Dövlətin hər bir strateji məsələyə olduğu kimi, media haqqında qanun layihəsinə də xüsusi yanaşması təqdirəlayiq hadisə hesab olunmalıdır.

Əvvəldə də qeyd etdiyim kimi ictimai fəaliyyətimiz əsas verir deyək ki, təəssüflər olsun ki, insanların son zamanlar bəzi media nümayəndələrinə qarşı münasibəti birmənalı deyildir. Məsələyə diqqətlə yanaşdığımız zaman məlum olur ki, ictimai rəyin mənfi formalaşmasının əsasında bir çox hallarda ən böyük günah sahibi elə məhz bəzi media nümayəndələrinin özləridir. Heç bir yoxlama mexanizminin, qeydiyyat sisteminin və nəzarətin olmaması onlarla, bəzən də yüzlərlə özünə jurnalist deyən insanların meydana çıxmasına səbəb olmaqdadır. Xüsusi ilə də internet vasitəsi ilə məlumat mübadiləsini həyata keçirən subyektlərin bir çoxu qanuni fəaliyyət göstərmirlər. Bir çox halda isə “reket jurnalistikasına” xidmət edirlər. Bəzi jurnalistlərin peşə səlahiyyətlərini aşaraq qanun pozuntularına yol verməsi faktları az deyildir. Bunun qarşısını almağın ən məntiqli yolu “Media haqqında” qanun layihəsinin hazırlanması və icrasıdır.

Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Sadə dillə ifadə etsək, bundan sonra qeyri-qanuni faəliyyət göstərən, qeydiyyatdan keçməyən subyektlərə jurnalist vəsiqələri verilməyəcək. Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcəkdir. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər. Bununla da bu subyektlərin kimlərisə təhdid edib, onları şantaj etmək imkanları olmayacaqdır. Bu da cəmiyyətə jurnalistikaya qarşı ciddi hörmət və ehtiramın yenidən formalaşmasına xidmət edəcəkdir.

Dövlətin media sahəsinə nəzarətini müdaxilə kimi qəbul etməyin doğru yanaşma olduğunu hesab etmirəm. Müstəqil fəaliyyəti bəzi hallarda özbaşınalıq və yaxud da media sahəsində xuliqanlıqla səhv salanlar dövlətin nəzarətindən narahat ola bilərlər. Lakin bunu bütün dəyərli qələm sahiblərinin fikri kimi ifadə etmək olmaz. Cəmiyyətimiz media sahəsində islahatları dəstəkləyir. Qanun layihəsi ilə yaxından tanış olmayanlar və ümumiyyətlə öz qara əməllərinə son qoyulacağını başa düşən saxtakarlar təəssüf ki, doğru olmayan müxtəlif məlumatlar yayırlar. Guya internet televiziyalarının qeydiyyatı məcburi hal daşıyır. Məlumat üçün deyim ki, internet televiziyalarının fəaliyyətinə hər hansı bir maneə olmayacaqdır. Qanun sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil.  Qısası, demokratik dəyərlərə heç bir xələl gətirilmir. Əksinə, insanların rahat məlumat alması təmin olunur.

Yeni Qanun layihəsi bir çox mətləblərə aydınlıq gətirəcəkdir. Media reyestri, vahid jurnalist vəsiqəsi, statusdan sui-istifadə halların qarşısını alacaq qanunverici təşəbbüslər, keyfiyyətli xəbər istehsalı, müəllif hüquqlarının qorunmasına xidmət edən təşəbbüslər və başqa mütərəqqi yanaşmalar bir daha dövlətin media sahəsində həyata keçirdiyi siyasətin böyük əhəmiyyətə malik olduğunu sübut edir. Təklif edirəm ki, hər kəs bu qanun layihəsi ilə öncə tanış olsun, daha sonra fikir bildirsin. Bəzən media və ictimai fəaliyyətlə ümumiyyətlə əlaqəsi olmayan adamların fikir bildirməsi halları ilə qarşılaşırıq. Bu yalnız mövcud məsələ ilə bağlı deyil, bir çox məsələ ilə də əlaqədardır. Cəmiyyətin fikirlərinin düzgün formalaşmasına mane olan adamlara imkan vermək olmaz.