YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası: şərəfli keçmişdən uğurlu gələcəyə dorğu

Ramin Məmmədov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında bu fikri tez-tez vurğulayır: Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Kifayət qədər ciddi və əsaslı arqumentlərə istinad edən bu tezisi indi nəinki Prezidentin hər bir cümləsinə xüsusi həssaslıqla yanaşan Azərbaycan cəmiyyəti, həm də ölkənin tarixi haqqında dəqiq və təfərrüatlı məlumata malik mütəxəssislər də birmənalı olaraq təsdiqləyir.

90-cı illərdə, daha dəqiq desək SSRİ-nin süqut edəcəyi günün uzaqda olmadığına heç kimin şübhə etmədiyi günlərdə ittifaqdan ayrı yaşamaq iqtidarına malik respublikalar sırasında Azərbaycanın adı ön sıralarda göstərilirdi. Bu, təbii ki, ölkənin iqtisadi potensial, o cümlədən zəngin  karbohidrogen ehtiyatları, demoqrafik göstəricilər, geosiyasi amillər, coğrafi mövqe və digər faktorlar nəzərə alınaraq irəli sürülmüş, lakin hələ həyatda öz təsdiqini tapmamış mülahizə idi. Praktikada bu mülahizənin nə qədər özünü doğruldacağını hər kəs zamanın ixtiyarına buraxmışdı. Ancaq o illərdə heç kim 30 il sonra Azərbaycanın nəinki regionda, dünyada bu qədər böyük nüfuz sahibi olacağını, qlobal güclərin Cənubi Qafqazla bağlı bütün məsələlərdə rəyini nəzərə almaq məcburiyyətində qalacağı güclü bir dövlətə çevriləcəyini hesablamamışdı. Heç kim zamanın sürətlə  Azərbaycanın xeyrinə işlədiyinin fərqində deyildi...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir mürəkkəb tarixi şəraitdə, tərəddüdlərin, şübhələrin, ümidsizliklərin Azərbaycan ictimai rəyinə hakim kəsildiyi bir dövrdə siyasi proseslərin mərkəzində dayanan siyasi təsisatın  - Yeni Azərbaycan Partiyasının yaradılması barədə bir qrup ziyalının təşəbbüsünü dəstəklədiyini bəyan etdi. Əlbəttə ki, o dövrdə baş verən hadisə və proseslərin hər biri ayrıca araşdırmanın, siyasi təhlilin mövzusu ola bilər. Çünki Azərbaycanın taleyi, müstəqilliyi, bir dövlət kimi mövcudluğunu davam etdirməsində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının hər bir mərhələsi fövqəladə dərəcədə mühüm əhəmiyyətə malik idi. Lakin bu gün – partiyanın yaradılmasının növbəti ildönümü ərəfəsində hadisələrin xronikasından daha çox onun nəticələri barədə danışmaq daha məntiqli olardı.

Yeni Azərbaycan Partiyasının yaranması ölkənin hələ formalaşmamış siyasi sistemində son dərəcə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Şübhəsiz ki, partiyanın siyasi arenaya çıxmasını və qısa müddətdə ciddi təsir imkanları əldə etməsini şərtləndirən bir nömrəli amil ulu öndərin liderlik keyfiyyətləri, malik olduğu güclü ictimai dəstək və müasir dillə ifadə etsək, o dövrün siyasətçilərində olmayan geniş vizionu idi. Hadisələrə fərqli baxış diapazonundan yanaşmaq, gələcəyi daha aydın görmək, Azərbaycanın düşdüyü acınacaqlı durumu yaradan səbəbləri müdrikcəsinə anlamaq və baş verənləri dünyanın yeni nizamının yaranması kontekstində qiymətləndirmək bacarığı Heydər Əliyev şəxsiyyətini Azərbaycan tarixinin ən çətin məqamında həlledici təsir mərkəzinə çevirmişdi. Yeni Azərbaycan Partiyasının o dövr üçün tarixi missiyası öz liderinin xarizmasına, siyasi nüfuzuna istinad edərək, cəmiyyəti vahid lider ətrafında birləşdirməkdən ibarət idi. Tarixi proseslərin sonrakı gedişi partiyanın bu vəzifəni uğurla yerinə yetirdiyini söyləməyə əsas verən faktlarla zəngindir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının ölkədə hansı mühüm dəyişikliklərə səbəb olduğu barədə bir çox araşdırmalar, məqalələr yazılıb, kitablar nəşr olunub, filmlər çəkilib. Lakin əminliklə söyləmək olar ki, indiyə qədər heç bir araşdırma, təhlil, elmi tədqiqat işi Heydər Əliyevin 90-cı illərdə Azərbaycan tarixində oynadığı müstəsna rolun əsl miqyasını tam şəkildə ifadə edə bilməyib. Bu tamamilə təbiidir. Çünki Heydər Əliyev miqyasında olan siyasət və dövlət adamlarının xidmətlərinə tarix özü qiymət verir.

Və indi  - Azərbaycan Vətən müharibəsində qazandığı tarixi qələbənin ildönümünü qeyd etdiyi bu günlərdə biz əslində ulu öndərin 1990-cı ildə hakimiyyətə gəlişinin Azərbaycanı nələrdən xilas etdiyini daha yaxşı qiymətləndirmək imkanı qazanmışıq. Ulu öndərin 2003-cü ildə cənab İlham Əliyevin Prezident seçkilərində namizədliyinin elan olunması ilə bağlı müraciətində qeyd etdiyi fikirləri bir daha xatırlatmaq yerinə düşərdi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

18 il öncə müdrikcəsinə söylənilmiş bu fikirlər bu gün real həyatda öz təsdiqini tapır. Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoymaqla yanaşı, həm də Cənubi Qafqazda yeni reallıqlar yaradır. Bu gün Yeni Azərbaycan Partiyasında aparılan islahatların əsas məqsədi də region ölkələrinin ən böyük siyasi təşkilatını regionun tarixini dəyişən müzəffər liderinin ideyalarının həyata keçirilməsində üzərinə düşən missiyanı uğurla yerinə yetirən daha effektiv bir təsisata çevirməkdir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi obrazının miqyası partiya lideri obrazından daha yüksəkdə dayanır. Azərbaycan Prezidenti bu gün regionun ən güclü dövlətinin başçısı olmaqla yanaşı, həm də dünya miqyasında rəyi ilə hesablaşılan, hətta siyasi opponentlərinin belə etiraf etməyə məcbur olduğu güclü siyasətçi imicinə sahibdir. Bu danılmaz gerçəklik Yeni Azərbaycan Partiyasının üzərinə düşən məsuliyyətin ölçüsünü də artırır.

Azərbaycanın hakim partiyasını digər siyasi təşkilatlardan fərqləndirən başlıca amillərdən biri isə zamanın çağırışlarına sürətlə uyğunlaşması, fəaliyyətini dövrün reallıqlarına uyğun qurmağa müvəffəq olmasıdır. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixindəki müstəsna roluna istinad edərək keçmişlə yaşamır, gələcəyə fokslanır, dünyada, regionda və ölkədə baş verən proseslərə çevik reaksiya verir, ictimai düşüncənin, bəzən hətta ciddi məntiqi arqumentlərə əsaslanan fərdi baxışların formalaşdırdığı yeni tələbləri daha düzgün qiymətləndirməyə çalışır. Ulu öndər Heydər Əliyevin bir vaxtlar söylədiyi kimi, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

 

 

DİGƏR Xəbərlər Arxiv