Xəbərlər
Prezident İlham Əliyev: Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir
“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları 20 ildən çoxdur ki, erməni işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin 20 faizi indi işğal altındadır. Ermənilər günahsız azərbaycanlı uşaqları, qadınları və yaşlıları yalnız etnik mənsubiyyətinə görə qətlə yetirərək Xocalı soyqırımını törədiblər. Azərbaycan xalqı isə Pakistandakı qardaşlarına çox minnətdardır. Çünki Pakistan dünyada Xocalı soyqırımını rəsmi olaraq soyqırımı kimi tanıyan ilk ölkədir. Artıq 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb, ancaq birinci ölkə Pakistan oldu.” Bu fikirləri martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn ilə birgə mətbuata bəyanatla çıxışı zamanı söyləmişdir.
Prezident İlham Əliyev bildirmişdir ki, bu ölkə torpaqlarımızın Ermənistan tərəfindən davam edən işğalı səbəbindən Ermənistanla heç bir diplomatik münasibət qurmayan az sayda ölkələrdən biridir: “Bu, qardaş münasibətidir. Bu, real dəstək rəmzidir. Hökumətimiz və xalqımız sizin bu mövqeyinizə görə hökumətinizə və xalqınıza çox minnətdardır. BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir.”
Prezident İlham Əliyev Azərbaycanın da öz növbəsində Pakistanı Cəmmu və Kəşmir məsələsində, onun BMT-nin müvafiq sənədlərinə uyğun olaraq, həllini hər zaman dəstəklədiyini söyləmişdir. Dövlət başçısı qeyd etmişdir ki, ölkələrimiz arasında əməkdaşlığın güclü tarixi təməli var və bu gün biz beynəlxalq arenada öz milli mənafelərimizi qorumaq üçün bir-birimizi dəstəkləyirik.