Xəbərlər
İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirilib
Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda təntənəli bayram tədbiri keçirilib.
Ölkəmizin istanbuldaki Baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul valisinin müavini Özlem Bozkurt Gevrek, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, burada yaşayan və işləyən həmvətənlərimiz, Vətən müharibəsi qaziləri və digərləri iştirak ediblər.
İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan ölkəmizin İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva bayram münasibətilə öz təbriklərini çatdırıb.
Qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı Qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda, bu mübarizədə, haqqı-ədaləti dünyaya çatdırmağımızda bizə dəstək verən başda qardaş Türkiyə olmaqla hər kəsin Zəfəridir.
“2020-ci il Azərbaycan üçün tarixi baxımdan dönüm ili oldu. Tarixi Qarabağ torpağımız Azərbaycan Prezidenti İlham Əliyevin düzgün və uzaqgörən siyasəti, Vətənini hər şeydən üstün tutan Azərbaycan Ordusu və bizimlə birgə addımlayanların sayəsində işğaldan azad edildi. Bu yolda canında keçən hər qəhrəman oğlumuzun qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Daima Azərbaycanın yanında olan Türkiyənin bu savaşda da ölkəmizə verdiyi mənəvi və diplomatik dəstək iki ölkə arasındakı əsrlərə dayanan yaxınlığı bir daha nümayiş etdirdi. Ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu qardaşlığın ən gözəl izahıdır. Bu qardaşlığı və birliyi gələcək nəsillərə çatdırmaq isə bizim ən böyük borcumuzdur. Qarabağımız hazırda çox sürətlə yenidən qurulur, bərpa edilir. Ölkəmizin dirçəlməsi üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq”, - deyə N.Mustafayeva vurğulayıb.
Çıxışında bu tarixin bizim üçün daim Zəfər Günü olacağını söyləyən Milli Məclisin deputatı Anar Məmmədov Qələbənin Prezident İlham Əliyevin doğru siyasəti, şanlı Ordumuzun qəhrəmanlığı sayəsində əldə edildiyini bildirib.
Qeyd edilib ki, daima Azərbaycanın yanında olan Türkiyə bu mübarizədə də bizə çox böyük mənəvi dəstək göstərdi.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi amilini şərtləndirir.
Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu.
Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında danışan deputat hazırda dövlətimiz tərəfindən bu ərazilərin infrastruktur, komunikasiya kimi bir çox sahələrinin yenidən qurulduğunu, yeni hava limanlarının inşa edildiyini vurğulayıb.
Digər çıxış edənlər Qarabağ Zəfərini bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər.
Tədbir Azərbaycan musiqi və rəqslərindən ibarət bədii hissə ilə davam etdirilib.
Mərasim əsnasında qonaqlara Azərbaycan milli mətbəxindən nümunələr təqdim olunub.