Xəbərlər
Bərdə terroru nəticəsində həlak olan mülki sakinlərin xatirəsi anılıb
Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Terror aktı baş verən ərazidə qurulan xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Milli Məclisin deputatları, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, xatirə lövhəsinin önünə əklil və gül dəstələri qoyulub.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Fatma Yıldırım, Zahid Oruc Vətən müharibəsində qazanılan qələbə ilə 30 ilə yaxın davam edən erməni işğalına son qoyulmasından və Azərbaycanın ərazi bütövlüyünün bərpasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdən danışıblar. Diqqətə çatdırılıb ki, 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə şəhərində törədilən terrorlar nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ancaq bərdəlilər ruhdan düşməyib, əksinə, möhkəm əzmkarlıq göstərərək Müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşiblər.
Terror nəticəsində həlak olan mülki şəhidlərin yaxınları dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin və Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Bərdə terroru ilə bağlı kompozisiya ilə çıxış ediblər.