Xəbərlər
Böyük gücə çevrilmiş Azərbaycan-Türkiyə birliyi bölgənin dinamik iqtisadi inkişafına təkan verəcək
“Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə bir sıra layihələrin təməlinin qoyulması və Füzuli Beynəlxalq Hava Limanının açılması böyük tarixi əhəmiyyəti olan bir hadisədir. Bu hadisə bir daha göstərdi ki, istər 30 illik Ermənistan-Azərbaycan münaqişəsi zamanı, istərsə də Vətən müharibəsi zamanı və ondan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, ötən illər ərzində iki qardaş ölkə daim çiyin-çiyinə, Azərbaycanın haqq işinin dəstəklənməsi, ədalətin bərpa olunması üçün birgə mübarizə apardılar. Vətən müharibəsi günlərində isə qardaşlığımız, əməkdaşlığımız, Azərbaycan-Türkiyə birliyi ən pik zirvə nöqtəsinə çatdı. 44 günlük müharibədən sonrakı dövrdə də bu münasibətlər yüksələn xətlə inkişaf edərək Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.
Millət vəkilinin sözlərinə görə, oktyabrın 26-da Türkiyə kimi böyük güc mərkəzinin, NATO-da Silahlı Qüvvələrinin gücünə görə ikinci sırada olan dövlətin rəhbərinin təyyarəsinin işğaldan azad olunmuş ərazilərimizdə enməsi beynəlxalq birliyə bir mesaj idi: “Bu, o deməkdir ki, İkinci Qarabağ müharibəsində olduğu kimi, ondan sonra da azad olunmuş ərazilərdə birgə işlər aparılır, bu bölgənin çiçəklənən diyara çevrilməsi üçün iki ölkənin birlikdə gördüyü işlər təkcə Azərbaycanla Türkiyənin deyil, ümumilikdə Cənubi Qafqaz regionun inkişafının qarantı kimi çıxış edir. Bu, həmçinin, bölgəyə daxil olan digər ölkələrin də inkişafına imkan və şərait yaradır. İşğaldan azad olunmuş ərazilərdə 3 hava limanının fəaliyyəti nəzərdə tutulur. Onlardan Füzuli Beynəlxalq Hava Limanı 8 ay ərzində tikilib istifadəyə verildi, Zəngilan və Laçında isə hava limanlarının inşası davam edir. Bu ərazilərdə böyük quruculuq işləri xarici şirkətlərin də iş aparmasına şərait yaradır. Bu baxımdan demək olar ki, region ölkələrinin mövcud əməkdaşlıq platformalarından bölgəyə daxil olan dövlətlər, o cümlədən 30 il ərzində bu diyarı xarabalığa çevirmiş Ermənistan da faydalana bilər. Zəngəzur dəhlizinin təməlinin qoyulması da bunun bir göstəricisidir. Regionda yeni əməkdaşlıq platformalarının əhəmiyyətini Zəngilanda hər iki dövlət başçısı öz bəyanatlarında da səsləndiriblər”.
YAP Təftiş Komissiyasının sədri söyləyib ki, böyük gücə çevrilmiş Azərbaycan-Türkiyə birliyi bölgənin dinamik iqtisadi inkişafına təkan verəcək: “Qısa zaman ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işlərində Türkiyə şirkətlərinin rolu xüsusi qeyd edilməlidir. Belə ki, həm avtomobil yollarının, həm tunellərin, həm də hava limanlarının inşasında türk şirkətləri çox fəal işləyirlər. Bu torpaqlarda xarici ölkələrin təmsilçiləri arasında ilk olaraq Türkiyə şirkətləri işə başlayıb ki, bu da qardaşlığın nümunəsidir. Həm də milli-mədəni, tarixi abidələrimizin bərpasında da türk şirkətləri öz töhfələrini verəcəklər”.
Sevinc Hüseynova həmçinin qeyd edb ki, birliyimizin tərənnümü kimi Vətən müharibəsi dövründən başlanmış yüksək münasibətlər cəmiyyətin bütün sferalarında da özünü göstərir: “Bu birlik siyasi partiyalar arasında da güclənməkdədir. Həmin gün, yəni oktyabrın 26-da YAP və AK Parti birgə videokonfrans keçirdilər və konfransda qardaşlığımızı tərənnüm edən dəyərli müzakirələr aparıldı, fikirlər səsləndi. Bu onu göstərir ki, prezidentlərimiz arasında olan qardaşlıq münasibətləri, dövlət başçılarının siyasi iradəsi ilə xalqlarımızın arasında yüksək xətlə inkişaf edən münasibətlər bizim siyasi partiyalarımız arasında da uğurla davam edir”.