Xəbərlər
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Yusif Səfərov küçəsi 35, Zığ yolu 15 ünvanlarıında yerləşən və Dənizçilər ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında bildirib ki, yeni dövrün, zamanın tələblərinə uyğun olaraq qarşıya yeni vəzifələr qoyulur ki, onların da icrası yeni prioritetlərin müəyyənləşdirilməsini zərurətə çevirdi: «Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi və sosial inkişaf modeli bu məqamları özündə ehtiva edir. Son illərin əsas hədəfi çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, təkmil sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, əhalinin rifahının daha da yüksəldilməsi, ictimai həyatın bütün sahələrində şəffaflığın qorunması ilə ölkənin hərtərəfli inkişafını təmin etməkdir.»
«Azərbaycanın yeni inkişaf modeli hazırda bütün dünyada təqdir olunur» söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, ölkəmizin yeni inkişaf konsepsiyası dayanıqlı inkişafı qaçılmaz edir. Hazırda inkişafın yeni mərhələsini yaşayan Azərbaycanda Böyük Qayıdış proqramının uğurlu icrası istiqamətində davamlı addımlar atılır. Milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirməklə bu istəyimizi də hər kəsdə qürur doğuracaq şəkildə reallaşdıra bilərik. İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası genişdir. Məqsəd 30 ilə yaxın dövrdə torpaq həsrəti ilə yaşayan soydaşlarımızın firavan həyatını təmin etməkdir.
Vüqar Rəhimzadə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının uğurlarımızda rolundan bəhs edərək diqqəti Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda keçirilən partiyanın VII qurultayında qəbul olunan qərarlara yönəldib. Bildirib ki, yeni çağırışlar partiyanın hər bir rayon və şəhər təşkilatından daha fəal olmağı, hədəflərə öz töhfələrini verməyi tələbə çevirir.
Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Ruslan Əliyev Yusif Səfərov küçəsi 35 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Əlibaba Bayramov sədr müavini, Arif Cəlilov Dənizçilər ərazi partiya təşkilatının sədri, Elçin Abbasov sədr müavini, Azad Aslanov Zığ yolu 15 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Rafael Tağıyev isə sədr müavini seçiliblər.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib.