Xəbərlər
YAP Şirvan şəhər təşkilatının fəalları şəhid Şəhriyar İsmayılovun ailəsini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının nümayəndələri şəhid ailələrini ziyarəti davam etdirir. Partiyanın Şirvan şəhər təşkilatının nümayəndələri şəhid İsmayılov Şəhriyar Əkbər oğlunun ailəsini ziyarət ediblər.
YAP Şirvan şəhər təşkilatının fəalları qeyd ediblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azadlığı ilə nəticələnib. Bu döyüşlərdə xidməti olan oğullarımızdan biri də şəhid Şəhriyar İsmayılovdur.
Görüşdə şəhidin atası Əkbər İsmayılov və anası Fatma İsmayılova oğlunun vətənpərvərlik ruhunda tərbiyə edildiyindən, hərbi xidmət zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldüyünü qeyd ediblər. Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, İsmayılzadə Şəhriyar Əkbər oğlu 07.07.1994-cü ildə Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində anadan olub, 12 №-li tam orta məktəbdə təhsil alıb, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, torpaqlarımızın müdafiəsində iştirak edib. Hərbi xidmətdən sonra şəxsi təsərrüfatlarında əmək fəaliyyəti ilə məşğul olub. Şəhriyar İsmayılzadə 29 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə səfərbər edilərək Füzuli, Cəbrayıl və Şuşa ətrafında gedən döyüşlərdə fədakarcasına iştirak edib. 2020-ci ilin 8 noyabrında Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 10.11.2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.