Xəbərlər
Nizami rayonunda Şəhid Məmmədov Murad Elşən oğlunun anım günü keçirilib
Oktyabrın 20-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Məmmədov Murad Elşən oğlunun Nizami rayonunda anım günü keçirilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid Murad Məmmədovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, ölkə rəhbərliyinə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.