YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın inamını və sevgisini qazanan siyasi Lider!

Milli Məclisin Ailə, qadın və  uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və  siyasi  əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz  bir amil var, bu da  milli siyasi lider  faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir  və bunun üçün bütün əsaslar var.

Hələ 2003-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər  onun şəxsi keyfiyyətlərini xarakterizə edərək, bildirmişdir ki, “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”. Azərbaycan xalqı, bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm  Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi. 18 il bundan əvvəl   Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev siyasi lider olaraq, xalqa verdiyi bütün vədləri yerinə yetirir.  Öz əxlaqi yetkinliyi, xarakter bütövlüyü, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb.        Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan  Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Onun həyata keçirdiyi sosial dövlət  siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Cənab Prezident dəfələrlə qeyd edir ki, “bizim siyasətin mərkəzində vətəndaş dayanır”. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. Vətəndaşın  xoş günündə, çətin günündə də bir an onları tək qoymayıb. Bu böyük bir xalq sevgisidir, vətən sevgisidir.  

Cənab İlham Əliyev  “Vaqif Poeziya Günləri”nin rəsmi açılışında  çıxış edən zaman 18 illik Prezidentlik dövrünün ən əsas qayəsini bildirdi. Bu ədalətin bərqərar olması idi: “ İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi”. 18 il  sözün əsl mənasında mübarizə aparan ölkə başçısı bütün sahələri inkişaf etdirməklə, dünyada Azərbaycanın nüfuzunu artırmaqla, ordu quruculuğunu gücləndirməklə, nəhəng neft-qaz, enerji layihələrini reallaşdırmaqla, vətənpərvər gənc nəsli yetdirməklə Böyük Ədalətin bərpasına nail oldu.  Heç bir təzyiqə, təhriklərə məhəl qoymadı, bir an belə geri çəkilmədi. Bu əsl liderlik nümunəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Bir çox ölkələr var ki, yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. Ancaq o, bu ehtiyatların düzgün istismarına yönələn layihələr reallaşdır bilmir, nəticədə həm siyasi, həm də iqtisadi cəhətdən problemlər yaranır. Məhz cənab İlham Əliyevin praqmatikliyi, uzaqgörənliyi, müdrikliyi nəticəsində bu gün ölkəmiz dünyada bir sıra mühüm layihələrin reallaşmasında mühüm rol oynayır.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Ölkə başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri  əsas milli dəyərləri təcəssüm etdirmək, müasir və əvvəlki nəsillərin ənənələri ilə əlaqələndirmək cəmiyyətdə təkrarlanacaq və yayılacaq prinsipcə yeni bir davranış və düşüncə modeli yaratmaq, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə çevrilən təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır. O, dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq,  ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlət başçısı  islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli  mədəni- mənəvi və  ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı prosesi” layihəsini təqdim etdi.  

Ötən 18 ildə cəmiyyətin inteqrasiyasına nail oldu, sosial, siyasi, dini, milli müxtəliflikdən   birlik yarada bildi. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən  biri də  hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir.  Demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin nəticəsində  Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Cənab Prezident dəfələrlə deyir ki,  “heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır”. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi,  korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin daha sağlam təməl üzərində insaf etdirlməsi  yeni siyasi mühitin formalaşmasının göstəricisidir.

Prezident İlham Əliyevin şah əsəri- Qarabağın və Şərqi Zəngəzurun  erməni faşizminin işğalından azad edilməsidir. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi   Ulu Öndər Heydər Əliyev  əmin idi ki, onun  axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Şəhidlərimizin, Ümummilli Liderimizin ruhları, xalqımızın qarşısında verilən andı yerinə yetirməklə ölkə başçısı bir daha bu inamı doğrultdu, insanları sevindirdi.  Ötən müddət əraində   hər bir atılan addım, keçirilən görüş, reallaşan layihələr Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi  işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması idi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi  gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz,  mərd  xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən bir müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimizi yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar.  Böyük Qayıdış strategiyasının  sürətlə həyata keçirilməsi bunun bariz nümunəsidir.

Hər bir vətəndaş istəyir ki, təhlükəsiz və rifah həyat yaşasın, arzuları gerçək olsun, cəmiyyətdə özünə layiqli yer tutsun və ən  əsası gələcəyindən arxayın olsun. Bütün bunlar isə  o zaman həqiqətə çevrilir ki,  həmin xalqın verdiyi sözü  əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkəsinin inkişafını təmin edən, özünü hər bir vətəndaşın prezidenti kimi təsdiqləyən lideri olsun. Bu gün Azərbaycan vətəndaşı ölkə Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu dəstəkləyir və inanır.