YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev siyasəti Azərbaycanı uğurlu gələcəyə aparır

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də  oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 1-də  Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” .

Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də İlham Əliyevi Prezident seçməklə ilk öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən Azərbaycan xalqı Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi  güclü Azərbaycan dövlətinin formalaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artırılması, cəmiyyətin həyatının bütün əhəmiyyətli sahələrdə  köklü islahatların aparılması və sair kimi həlli vacib məsələlər idi. Son 18 ildə Azərbaycan bütün sahələrdə qazandığı uğurları sadalamaqla bitməz. Birmənalı şəkildə vurğulamaq olar ki, bugünkü  Azərbaycan məhz görülən işlərin, əldə olunan uğurların təqdimatıdır. Mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirərək çevik qərarlar qəbul edən, ölkənin taleyüklü problemlərinə daim böyük həssaslıqla yanaşmağı bacaran Prezident İlham Əliyev  əsl liderlərə xas qətiyyətlilik, məqsədyönlülük, təşəbbüskarlıq və tələbarlıq kimi mühüm keyfiyyətləri ilə xalqın böyük rəğbət və dəstəyini qazanmışdır.Təsadüfi deyildir ki, İlham Əliyevin milli maraqlarımızın təminatına yönəlmiş siyasəti Azərbaycan cəmiyyətinin fəal dəstəyi ilə müşayiət olunur.

Bu gün Azərbaycan cənab Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tarixinə yeni bir səhifəni- Zəfər gününü yazdırıb.

Bəli 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl həflərlə öz yerini almışdır. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasəti haqqında dünyada uğurlu təbliğat aparan dövlətimiz sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.Prezident İlham Əliyev Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, ümumdünya erməni diasporunu , erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə sövq etdi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. İlham Əliyevin Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi. Nəticədə 44 günlük müharibədə Ali Baş Komandan müzəffər ordusunun döyüşlərdəki uğurları ilə eyni vaxtda informasiya siyasətinin də başına keçərək Azərbaycanın haqq səsinin dünya mediasına və birliyinə çatdırdı, diplomatik sahədə və informasiya müharibəsində uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

Bu gün qədim və əzəli Azərbaycan torpaqları artıq öz sahibindədir. Artıq cənab Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimiz sanki yenidən doğulur, yenidən canlanır və dirçəlir. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl guşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevrilir.