YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycana qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

«44 günlük İkinci Qarabağ münaqişəsi  30 illik işğal, həmçinin müharibə dövrünün reallıqlarına aydınlıq gətirməklə yanaşı, perspektivlərin müəyyənləşdirilməsinə, yeni əməkdaşlıq formatlarının yaranmasına yol açdı. Bu baxımdan ki, 30 ildə işğalçı Ermənistana və ona havadarlıq edən supergüclərə  «sirr»,  amma ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlərə bəlli olan məqamlar bir daha işıq üzü gördü,  münaqişənin həlli prosesinin uzanmasının səbəbləri  açıqlandı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə  müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda  qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla    Azərbaycanın haqlı olduğunu,  mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla  ortaya qoydu. Həmin dövrdə  dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın  «La Repubblica» qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Dövlət başçısı İlham Əliyevin müharibə dövründə «La Repubblica» qəzetinə  müsahibəsi ilə bu il oktyabrın 13-də  sözügedən nəşrdə yer alan   müsahibəsini  müqayisə etdikdə  fərqli məqamları  görməmək mümkün deyil. Bu baxımdan ki,  artıq münaqişə tarixə qovuşub,  postmüharibə  dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə invetisiya yatıran xarici  şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsabihəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir.  Bu, təsadüfi deyil. Prezident İlham Əliyev   Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyini bildirmişdi. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial, İşğal muzeylərinin yaradılmasında iştirak edir. Bütün bunlar  artıq iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır.»

 Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti müsahibədə  son zamanlar İranla münasibətlərdə  narahatlıq doğuran məqamlara, eyni zamanda, Qərbin qərəzli mövqeyinə Prezident İlham Əliyevin münasibətinə  yönəldib: «Ölkə Prezidentinin də vurğuladığı kimi, dövlətimizin xarici siyasəti çox açıq, şəffaf, sabit və  müstəqildir. Heç bir  ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz. «Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir» bəyan edən dövlət başçısı bir daha  anti-Azərbaycan dairələrə lazım olan mesajları çatdırdı»

YAP Xətai rayon təşkilatının sədri bu reallığı da  qeyd edib ki,   İkinci Qarabağ müharibəsində Qələbəmiz  bir çox dairələri narahat etdi: «Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə  Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi, təbii ki,  həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi. Nəzərə alsaq ki, həmin dövlətlərin işğalçı Ermənistana böyük sevgiləri vardır,  bu nöqteyi-nəzərdən  Ermənistanı məğlub görmək istəməyən dairələrə  Zəfərimiz böyük zərbədir. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə özünün hərbi qüdrətini və yenilməz siyasi iradəsini  bütün  dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Zəfərdən sonra bəzi ermənipərəst Qərb dairələri tərəfindən qarayaxma kampaniyası ilə qarşılaşacağını da bilirdi. Çünki zaman-zaman belə kampaniyalar aparılıb və hər dəfə  Azərbaycanın reallıqlarının fonunda iflasa uğrayıb. Dövlət başçısı İlham Əliyevin «La Repubblica» qəzetinə müsahibəsində yer alan «Bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur» bəyanatı ölkəmizə, dövlət başçısına qarşı qərəzli mövqe nümayiş etdirən, əsassız fikirlər səsləndirən dairələrə tutarlı cavabdır.»

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni də aparıb ki, daim siyasətində müstəqil olan,  istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə münasibətlər  quran,  dövlət maraqlarını və xalqın iradəsini öndə saxlayan Azərbaycan 44 gündə tarixi Qələbəsi ilə  ədalətə deyil, maraqlara üstünlük  verən və bu səbəbdən də  yalnış yol tutaraq qərəzli addımlar atan dövlətlərə əsl həqiqəti diktə edir: “Bu gün maraqları naminə Ermənistana  sevgi nümayiş etdirən dövlətlər Azərbaycanın  Vətən müharibəsinin getdiyi vaxtlarda təzyiqlərə baxmayaraq savaşı  sonadək davam etdirib təcavüzkarı  kapitulyasiya aktına imza atmağa məcbur etdiyini unutmasınlar.  Bu mesaj hazırda da öz aktuallığını qoruyur: Dəmir yumruq yerindədir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər  Azərbaycana qarşı belə yanlış addımlardan çəkinməli, həqiqəti ortaya qoymaqla ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanmasına,  münasibətlərdə yeni səhifənin açılmasına dəstək olmalıdırlar. Cənab İlham Əliyevin bəyan etdiyi kimi,  sülh təklifi masa üzərində əbədi qala bilməz.”

DİGƏR Xəbərlər Arxiv