YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzulinin işğaldan azad edilməsi-qələbə əzmi

Elşad Mirbəşir oğlu

Milli Məclisin deputatı,

Siyasi elmlər doktoru, professor

Qarabağ uğrunda apardığımız Vətən müharibəsinin şərtləndirdiyi başlıca dəyişiklik təbii ki, torpaqlarımızın işğal olunması tarixlərinin anılmasını onların işğaldan azad olunması tarixlərinin qeyd edilməsi ilə əvəzlənməsindən ibarət oldu.  Ötən ilin payızına qədər xalqımız 1993-cü il 3 avqust tarixində təcavüzkar Ermənistan tərəfindən Füzuli rayonu işğalını anırdı. Artıq yeni bir tarix yaratdıq. Azərbaycan xalqı Füzuli rayonun işğaldan azad olunması tarixini bayram edir. Ötən ilin 17 oktyabr tarixində şanlı Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Füzulini işğalçılardan təmizlədi. 44 günlük Vətən müharibəsinin gedişatına ciddi təsir edən Füzuli qələbəsi qəti sübut etdi ki, Ermənistan ordusu Azərbaycan Ordusundan qat-qat zəifdir. Ümumiyyətlə, elə müharibənin ilk günlərindən Azərbaycanın apardığı müharibə, tətbiq etdiyi taktika və texnikalar ətrafında beynəlxalq səviyyədə müzakirələr getməyə başladı. Müxtəlif müstəvilərdə Azərbaycanın inamlı qələbəsi fərqli səbəblərlə izah olunurdu. Təbii ki, üstünlük təşkil edən fikir ondan ibarət idi ki, Ermənistan ordusu həm şəxsi heyətin hazırlığı, həm də maddi texniki təchizatı baxımından Azərbaycan Ordusu ilə müqayisə oluna bilməzdi. Bütün mənalarda güclü Azərbaycan Ordusunun qələbə çalması qaçılmaz idi. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusu müharibənin elə ilk həftələrində işğal altında olan ərazilərimizin həm coğrafi, həm də siyasi cəhətdən əhəmiyyətli hissələrinin azad olunması ilə bağlı starteji hədəflərinə çatmağı bacardı. Ermənistan işğalçılıq siyasəti yürütməklə, özünü regionda təcrid vəziyyətinə saldı. Yəni, bu işğalçılıq siyasəti bumeranq effekti ilə təcavüzkar Ermənistanın özünə zərbə vurdu. Heç bir uğurlu sosial-iqtisadi xarakterli addım atmaq və müvafiq olaraq, ordusunu təchiz etmək imkanına malik olmamaq məhz işğalçılıq siyasətinin nəticəsidir. Havadarları Ermənistanı hərtərəfli dəstəkləmələrinə baxmayaraq, yenə də zəif vəziyyətdə qaldı. Vətən müharibəsi Azərbaycanın gücünü, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsini, uzaqgörənliyini, Ermənistanın isə zəifliyini, rəhbərlərinin cılızlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakı ilə regionda strateji enerji və nəqliyyat layihələri həyata keçirildi. Qlobal təhlükəsizliyin təmin olunmasında ölkəmizin, ayrıca olaraq Prezidenti İlham Əliyevin təsirli rolu Azərbaycanın dostlarının sayını əhəmiyyətli dərəcədə artırdı. Bütün bunlar Vətən müharibəsindəki hərbi qələbəmizin həlledici siyasi komponentlərini formalaşdırdı. Belə olan halda Azərbaycan həm geniş hərbi-texniki əməkdaşlıq imkanları qazandı, həm də keçmiş münaqişə vəziyyətində özünün haqlı mövqelərini dünyanın əsaslı hissəsinə qəbul etdirdi.

Ciddi iqtisadi potensial inamlı qələbəni təmin edən müharibə aparmağa imkan verdi. Azərbaycan vətəndaşları özlərinin sosial-iqtisadi vəziyyətlərində ölkənin müharibə apardığını hiss etmədilər. Nəzərə almaq lazımdır ki, bu, dünya tarixində çox nadir hallarda rast gəlinən haldır. Çünki, münaqişənin ən kəskin və qorxulu forması olan müharibə hər zaman həm böyük maddi, həm də insani itkiləri şərtləndirir. Azərbaycanın apardığı azadlıq müharibəsi isə tam fərqli təcrübə təqdim etdi. Bu, onun göstəricisi idi ki, Azərbaycan həm güclü orduya, həm də güclü iqtisadiyyata malikdir. Məşhur Herodot deyirdi ki, müharibə qələbəni sevir, davamlılıqdan qorxur. Yəni, müharibə davam etdikcə, daha böyük resurslar tələb olunur. Azərbaycanın 44 günlük vətən müharibəsi dövründə zərrə qədər də olsun resurs qıtlığı olmadı. Bundan başqa, bir qayda olaraq, müharibə zamanı hücuma keçən tərəf daha böyük itkilər verir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun müəyyənləşdirdiyi hücum taktikası o dərəcədə unikal oldu ki, düşmənin otuz il boyunca qurduqları müdafiə xətlərini elə ilk həftələrdəcə yarıb keçməyə imkan verdi.

2020-ci ilin 17 oktyabr tarixində Füzuli şəhərinin və onun ətraf ərazilərinin işğaldan azad edilməsi Vətən müharibəsində ölkəmizin hərbi-taktiki üstünlüyünü dönməz şəkildə təmin etdi. Füzulinin malik olduğu unikal coğrafi mövqe və kommunikasiya imkanları digər ərazilərimizin düşməndən təmizlənməsində təsirli rol oynadı. Bu hərbu nailiyyət Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin gücünü, qüdrətini, Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya nümayiş etdirdi.   

DİGƏR Xəbərlər Arxiv