YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aynur Sofiyeva: Zəfərimizin yaratdığı reallıqlar milli kimliyimizi özündə ehtiva edən hadisələrə yenidən baxışı zərurətə çevirib

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Aynur Sofiyeva Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında birinci oxunuşda  təsdiqlənən “Müstəqillik Günü haqqında” qanun layihəsindən bəhs edərək bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi  hər bir vətəndaşı üçün ən böyük sərvətdir.  Azərbaycan, sözün əsl mənasında,  müstəqil dövlətdir: “Dövlətimizin həyata keçirdiyi siyasət  Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik yalnız dövlət atributları, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun. Azərbaycanın 103 illik müstəqillik tarixinin ayrı-ayrı dövrlərinə diqqət yetirsək bu mühüm məqamların reallıqda öz əksini tapdığını görərik. 44 günlük İkinci Qarabağ savaşı bir daha Azərbaycanın müstəqil siyasətinin təqdimatı oldu.”

     A.Sofiyeva vurğulayıb ki,  Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etməsi Sovetlər Birliyi  dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı: “Reallıq budur ki, 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Sovetlər Birliyinin dağılması  onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bəyan etdi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və  AXC-nin  yarandığı 28 may günü Respublika Günü kimi qeyd olunmağa başladı.”

  «Son düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti ilə  müasir müstəqil  Azərbaycan  arasında siyasi-hüquqi varisliyin daha dəqiq  formada ifadə olunmasını təmin edir. Tədiqlənən qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi bir daha günümüzün əsas çağırışlarından olan müstəqillik tariximizin ayrı-ayrı mərhələlərinin müqayisəli təhlil əsasında   öyrənilməsində, indiki və gələcək nəsillərin müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürlərin, biliklərin yaranmasında, ən əsası müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisini şərtləndirən amillərin təbliğində  əhəmiyyətli rol oynayacaq. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, müstəqil siyasət yürüdən, qalib ölkənin vətəndaşı olmaqdan qürur hissi keçirir. Tarixinə sahib çıxan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan dövlət, xalq məğlubedilməzdir. 30 ilin işğalına 44 gündə son qoyan Vətən müharibəsi məhz Azərbaycan xalqının böyüklüyünü, yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Müstəqilliyimiz daimi, əbədi və sarsılmazdır”,- deyə YAP İdarə Heyətinin üzvü bildirib.

 

 

DİGƏR Xəbərlər Arxiv