Xəbərlər
Tarixi Qələbəmiz ölkəmizin suverenliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasını zərurətə çevirir

Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə işğal altındakı torpaqlarımız azad olundu, çoxəsrlik tariximizin ən yeni mərhələsinin şərəfli səhifələri qızıl hərflərlə yazıldı. Eyni zamanda, təkcə son iki yüz ildə, daha dəqiq desək, 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən XX əsrin son onilliyində Qarabağın işğal olunduğu günədək Azərbaycan xalqına qarşı həyata keçirilmiş tarixi ədalətsizliyə son qoyuldu. Ötən bu illərdə azərbaycanafob, türkofob, islamofob barbar siyasətin tərkibi kimi Herodotdan Dədə Qorqudadək butün tarixi və coğrafi toponimlər erməniləşdirilibdir. Məgz məhz ötən il qazandığımız əzəmətli Qələbə bütün bu ədalətsizliyə və vəhşiliyə son qoymaqla bərabər, yeni tariximizin bərpasını zəruri etmişdir. Bu mənada erməniləşmə siyasətinin XX əsrin Sovet dövründə daha geniş vüsət alması siyasətini də məhz vahid siyasətin tərkibi adlandırmaq olar. Möhtərəm Prezidentimiz istər İkinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsindən sonra prinsipiallıqla dəfələrlə tarixçilərə, alimlərə və gənclərə üzünü tutaraq, saxtalaşdırılmış gerçək tariximizin nəinki unudulmaması, eləcə də bərpasını günümüzün ən zəruru məsələlərindən biri olduğunu bildirmişdir. O, İrəvanı, Göyçəni, Zəngəzuru əcdadlarımızın məskəni adlandırmış və mütləq o torpaqlara gedəcəyimizi cəsarətlə dünyaya bəyan etmişdir. Bu günlərdə birinci ildönümünü qeyd edəcəyimiz Zəfər bayramı həm də hər bir azərbaycanlının qarşısında yeni, daha məsuliyyətli vəzifələr müəyyənləşdirir. Sovet dövründə məqsədli olaraq xalqımıza sırımış olduqları bəzi süni tarixin nəticəsidir ki, 70 il ərzində Azərbaycanın tarixi və ayrılmaz torpağı olan Qarabağ ərazisi hər zaman çox ağır münaqişə və mübahisə obyektinə çevrilmişdir ki, bunun nəticəsində 20 faiz torpağımız mənfur erməni təcavüzü nəticəsində işğal altında olmuşdur. Sözsüz ki, artıq Azərbaycan xalqının öz tarixinə yenidən sahib çıxması, tarixi həqiqətlərin və gerçəkliyin bərpası üçün geniş imkanlar yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində müzəffər Ordumuzun rəşadəti və şücaəti dünyaya sübut etdi ki, xalqımız böyüklüyü, qədimliyi, zəngin tarixi və bəşər mədəniyyətinə verdiyi misilsiz töhfələri ilə daha böyük coğrafiyaya malik olmuşdur.
Qeyd etmək lazımdır ki, bu il tarixi Zəfərimizin ildönümü ərəfəsində ilk dəfə olaraq dövlət müstəqilliyimizin bərpasının 30 illiyini də təntənə ilə keçiririk. İlk dəfədir ki, bu tarixi günü xalqımız alnı açıq, üzüağ qeyd edir. Tarixi Qələbəmiz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, dünyada hazırkı layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxılmasını zamanın ehtiyacı və tarixi zərurət kimi dəyərləndirir.
Bu günlərdə yeni dövrün yeni vəzifələrindən və məsuliyyətindən irəli gələrək Milli Məclisdə bəzi Qanunlarda düzəlişlər ediləcək. Kiçik, amma çox əhəmiyyətli olan bu düzəlişlər tarixi hadisələri daha dəqiq əks etdirir. Belə ki, bugünədək qeyd etdiyimiz 28 May -Respublika Gününün Müstəqillik Günü, eləcə də 18 oktyabr tarixinin Müstəqilliyin Bərpası Günü adlanmdırılması tam olaraq tarixin və o tarixdə baş verən hadisələrin mahiyyətini özündə etiva edir. Milli Məclisdə müzakirə olunacaq bu Qanun layihəsi haqqında ictimaiyyətin fikirləri öyrənilmiş və müvafiq mütəxəssislər tərəfindən müsbət rəylər və şərhlər alınmışdır.
Qeyd etmək istərdim ki, əslində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulasında 18 oktyabr- Müstəqillik Günü adlandırılmışdır və mahiyyətcə də müstəqilliyin bərpası ideyası əsasında qurulmuşdur. 1991-ci il 30 avqust tarixində Azərbaycan Respublikası Ali Sovetin qəbul etdiyi Bəyannamə də məhz "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə adlanır. Bu mənada Milli Məclisdə qəbul olunacaq Qanun layihəsi boşluq və ziddiyyətlərin nizama salınmasından ibarətdir. Analoji olaraq, bu düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında hüquqi-siyasi varisliyin daha dəqiq və aydın şəkildə ifadə olunmasını təmin edir.
Qanun layihəsində qeyd edildiyi kimi 28 May tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması tarixinə əsaslanır. Bu isə özlüyündə bir daha respublikamızın ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Bildiyimiz kimi, bu varisliyin sübutudur ki, 1918-ci ildə qurulmuş Xalq Cumhuriyyəti dövründə qəbul edilmiş bütün dövlət atributları 18 oktyabr 1991-ci il tarixində müstəqilliyimizin bərpası ilə müqəddəs əmanət kimi çağdaş müstəqil dövlətimizin dövlət atributları olaraq qəbul olundu. Əminliklə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin yaratmış olduğu imkanlar və uzunmüddətli perspektivlər xalqımızın, xüsusilə əcdadları və tarixi kökü bilavasitə Qərbi Azərbaycanla bağlı olan həmvətənlərimizin tarixi torpaqlarımıza- İrəvana, Zəngəzura və Göyçəyə dinc yolla qayıdışı proseslərini daha da sürətləndirəcək.