Xəbərlər
Göygöldə Vətən müharibəsi şəhidi İmdad Tağıyevin anım mərasimi keçirilib
Göygöldə Vətən müharibəsi şəhidi İmdad Rövşən oğlu Tağıyevin həlak olmasının ildönümü ilə bağlı anım tədbiri keçirilib. Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhid İmdad Rövşən oğlu Tağıyev 25 aprel 2002-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olub. 2019-cu ilin may ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən İmdad Tağıyev 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edib. İmdad Tağıyev 3 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid İmdad Tağıyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.