Xəbərlər
Malik Həsənov: Xalqımız postmünaqişə dövrünün də zəfərlə başa çatacağına əmindir

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri mühüm hadisələrlə yadda qalır. Bu gün qürurla qeyd edirik ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunduqları günləri qeyd edir, Azərbaycan Ordusunun qəhrəmanlığından qürurla bəhs edirik. Möhtərəm Prezidentimiz Bərdə və Tərtər rayonlarına səfəri çərçivəsində Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını qaldırdı, bir daha 30 illik işğal dövründə ermənilərin havadarlarının dəstəyi ilə sülh danışıqlarına imitasiya naminə qatılmalarından, yeni ərazilər uğrunda müharibə planlarından, hər iki yaşayış məntəqəsinin işğaldan azad olunmasının strateji əhəmiyyətindən bəhs etdi. Cəbrayıl rayonuna səfərində isə ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın müstəqil siyasətinin uğurlarını əsaslı şəkildə diqqətə çatdıraraq bir daha vurğuladı ki, Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır, öz daxili işinə müdaxiləyə hec zaman imkan vermir və verməyəcək.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müharibəni zəfərlə başa vurduğumuzu önə çəkərək sülh dövrünü də zəfərlə başladığımızı və zəfərlə də başa vuracağımıza əminliyini ifadə edib: “44 günlük İkinci Qarabağ müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Azərbaycanın nümayiş etdirdiyi “Dəmir yumruq” əməliyyatı gücümüzlə bərabər birliyimizin, həmrəyliyimizin də təqdimatı oldu. Məhz bu birliyə, Azərbaycan Ordusunun 44 gündə yazdığı tarixi Zəfərə söykənərək cənab İlham Əliyev bütün çıxışlarında, müraciətlərində Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə xəbərdarlığını çatdırır: Dəmir yumruq yerindədir.”
Millət vəkili bildirib ki, artıq «Dağlıq Qarabağ termini», «status» sözü arxada qaldı, Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı sərsəm iddialarına son qoyuldu: “Daşnakların faşizmə xidmət edən millətçi ideologiyasını tarixin səhifəsindən silən Milli Ordumuzun 2016, 2018-ci illərdəki zərbələrindən dərs almayan Ermənistan faşistləri 2020-ci ili heç vaxt unutmayacaqlar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz tariximizə qələbələr salnaməsi yazdı. Ay yarım davam edən əks-hücum əməliyyatları ilə Ermənistana, 30 il işğalçının faşist mahiyyətini dəstəkləyənlərə bildirildi ki, torpaqlarımızın işğal altında qalmasına, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən xarici mətbuata son müsahibələrində də münaqişənin bitmədiyini iddia edərək vəziyyəti gərginləşdirmək istəyən dövlətlərə ciddi mesajlar ünvanlanır.”
“Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti, insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin qazanılması üçün baslıca şərtdir. 30 ilə yaxın dövrdə işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı, Qubadlını, Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən xilas edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Butun dünya dəmir iradəyə malik Azərbaycan xalqının gücünü, birliyini, iradəsini, qələbə əzmini gördü. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasının genişliyi də bu birliyin aydın mənzərəsini yaradır. Soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün bütün addımlar atılır. Cənab İlham Əliyevin son səfərləri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində, həmçinin Cəbrayıl rayonunda açılışı və təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Ən əsası yol infrastrukturu tamamilə yenilənir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı. Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq”,-deyə Malik Həsənov bildirib.
Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimiz bu gün bütün hədəflərimizə stimul verir, yeni əməkdaşlıq formatlarının gerçəkləşməsində əsas rol oynayır, regionun sülh, sabitlik məkanına çevriləcəyinə əminliyi artırır.