YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qəhrəmanlarının şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü ilə əlaqədar II Fəxri xiyaban ziyarət edilib

Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, qazilər və digər ictimaiyyət nümayəndələri, həmçinin mədəniyyət xadimləri, adları çəkilən rayon məktəblərinin müəllim və şagirdləri II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını  ziyarət ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda mərdliklə döyüşən və 2020-ci il oktyabrın 2-də qəhrəmancasına həlak olan  Vətən övladlarının şəhidlik zirvəsinə yüksəlməsinin  ildönümü ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin rəhbərliyi adından həmin şəhidlərin valideynlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, bu gün hər birimiz Azərbaycanın ən müqəddəs məkanlarından birini ziyarət edirik: “Mən əvvəlcə burada uyuyan bütün  şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Eyni zamanda, belə qorxmaz, igid oğullar böyütdükləri üçün onların valideynlərinin qarşısında baş əyirəm. Bu oğullar Azərbaycanın yağı tapdağı altında olan torpaqlarını işğaldan azad etdilər. Şəhidlərimiz bizi ən müqəddəs amalımıza, məqsədimizə çatdırdılar. Vətən müharibəsində tarixi torpaqlarımızı canları, qanları bahasına düşmən tapdağından təmizləyən cəsur oğullarımızın qəhrəmanlıq nümunəsi  bir daha sübut etdi ki, şəhidlik uca  zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Məhz ona görə də hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalı, onların keçdikləri həyat yolundan çox şeyləri öyrənməlidir”.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan tarixi torqaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması məqsədilə başlanan İkinci Qarabağ savaşının gedişində 2020-ci il oktyabr ayının 2-də şəhidlik zirvəsinə ucalan Sübhan Əbdülrəhmanlının anası Mehriban xanım, eyni gündə şəhid olan İman və Bəhrəm Məmmədov qardaşlarının atası Elman Məmmədov, Vətən müharibəsinin şəhidi, baş leytenant Həsənağa Abdullazadənin anası,  qazilər və ictimaiyyət nümayəndələri çıxış edərək vurğulayıblar ki, Vətənin cəsur, qorxmaz, düşmənə aman verməyən igid oğulları 30 ilə yaxın yağı tapdağı altında inləyən torpaqlarımızı əzəli sahibinə qaytarmaqla həm də Azərbaycan xalqının üzülmüş ümidini, namusunu, qeyrətini özünə qaytardılar. Alnımızdakı ləkəni sildilər; “Qisas qiyamətə qalmadı, Azərbaycan xalqının qisası düşməndən artıqlaması ilə alındı”.

Mərasimdə şəhidlərimizin ruhlarına dualar oxunub, məzarları ziyarət olunaraq üzərinə tər gül-çiçək dəstələri qoyulub.