YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan hər cür konstruktiv yanaşmaya və mümkün dialoqa hazırdır

Prezident İlham Əliyevin İspaniyanın EFE İnformasiya Agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər regionumuzun gələcəyi və postmüharibə dövrünün reallıqları baxımından olduqca aktual və əhəmiyyətlidir.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat fikirlərini belə əsaslandırıb: “Hər şeydən əvvəl ona görə ki, bu yeni reallıqların və onun yaratdığı perspektivlərin müəllifi Azərbaycandır. Regionumuzda formalaşacaq yeni strateji konfiqurasiyanın necə qurulması da Azərbaycanın davranışlarından asılı olacaq. Ona görə də 44 günlük Zəfər müharibəmizin ildönümü ərəfəsində qalib ölkənin mövqeyinin qalib liderdən öyrənilməsi dünyanın aparıcı media qurumları üçün prioritet təşkil edir”.

H.Babaoğlunun sözlərinə görə, hazırda iki mühüm məqam dünya tərəfindən açıq şəkildə dərk edilir: “Bunlardan biri Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni güc nisbəti, digəri isə bu gerçəkliyin dünya tərəfindən artıq qəbul edilməsidir. Ona görə də siyasi proseslərin inkişaf istiqamətlərini təyin edən ölkənin bundan sonrakı prosesləri necə diktə edəcəyi maraq doğurur”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev isə öz fikirləri ilə dünyaya çox açıq və konstruktiv mesajlar verdi: “Bunlardan birincisi Azərbaycanın öz milli maraqları çərçivəsində hər cür dialoqa hazır olmasıdır. İkincisi isə Azərbaycanın ərazisində artıq olmayan hansısa uydurma məsələ və problem heç bir halda istənilən danışıqlarda predmetin ola bilməyəcəyidir. Hazırda danışıqların və müzakirələrin yeganə mövzusu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası, bütün kommunikasiyaların, ən əsası isə Zəngəzur dəhlizinin açılmasıdır”.

H.Babaoğlu vurğulayıb ki, bu istiqamətdə Azərbaycan hər cür konstruktiv yanaşmalara açıq və mümkün dialoqa hazırdır. Ölkəmiz, eyni zamanda regionun siyasi-iqtisadi inteqrasiyasını, davamlı sülhü və əməkdaşlığı da bu çərçivədə görür.