Xəbərlər
Praqada Anım Gününə həsr olunmuş tədbir təşkil olunub
Çex Respublikasında fəaliyyət göstərən Azərbaycan icmasının və ölkəmizin bu respublikadakı səfirliyinin birgə təşkilatçılığı ilə Praqa şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycan səfirliyində baş tutan tədbirdə burada yaşayan həmvətənlərimiz, tələbələr, iş adamları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxışçılar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük müharibə zamanı əldə etdiyi parlaq Qələbəyə öz töhfələrini bəxş etmiş şəhidlərimizin xatirəsinin əbədi yaşayacağını, qazilərimizin fədakarlıqlarının unudulmayacağını bildiriblər.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.