YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Məsələnin həll edilmədiyini deyən ölkələrə tövsiyəm odur ki, öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər

Məsələnin həll edilmədiyini deyən ölkələrə mənim tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir.

Prezident İlham Əliyev bu fikirləri “France-24” televiziya kanalına müsahibəsində münaqişənin həllində vasitəçilik edən bir sıra ölkələrin məsələnin həll edilmədiyi barədə iddialarına münasibət bildirərkən söyləyib.

Dövlətimizin başçısı deyib: “Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil”.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır.