Xəbərlər
İordaniyalı tarixçi: Ermənistan unudurdu ki, bugünkü Azərbaycan 30 il əvvəlki dövlət deyil
Ermənistan unudurdu ki, bugünkü Azərbaycan 30 il əvvəlki dövlət deyil. Artıq onların qarşısında iqtisadi cəhətdən inkişaf etmiş, qüdrətli və ən müasir silahlara malik ordusu olan bir ölkə dayanır. Bu amillər ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan müharibədə həlledici rol oynadı və Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşmənin silahlı qüvvələrini məhv edərək torpaqları işğaldan qurtardı.
Bu fikirləri iordaniyalı tarixçi və jurnalist, “Dağlıq Qarabağ və beynəlxalq hüquq”, “Azərbaycan-İordaniya əlaqələrinin əsas məqamları” kitablarının müəllifi Ömər əl-Armuti söyləyib.
Azərbaycanın İordaniyadakı səfirliyində Anım Günü ilə əlaqədar keçirilmiş tədbirdə də çıxış etdiyini diqqətə çatdıran tarixçi bildirib ki, 27 sentyabr tarixdə görkəmli Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə rəşadətli Ordunun xilaskarlıq missiyasını Qələbə ilə başa çatması günü kimi qalacaqdır.
Əl-Armuti, həmçinin qeyd edib: “Azərbaycan öz torpaqlarının işğalına son qoyulması üçün bütün dinc vasitələrdən istifadə etdi, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarda səbirlə gözlədi ki, işğalçı dövlət olan Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatların qərarlarına əməl etsin. Lakin rəsmi Yerevan bütün bunlara məhəl qoymadı. Azərbaycan beynəlxalq nüfuza malik və sülhsevər ölkədir. Təsadüfi deyil ki, bu gün Qoşulmama Hərəkatına rəhbərlik edən rəsmi Bakı, həm də mədəniyyətlər, sivilizasiyalar və dinlərarası dialoq mərkəzinə çevrilib. Bir sözlə, Prezident İlham Əliyevin düşünülmüş siyasəti ölkəsinə böyük uğurlar qazandırıb. Ən böyük uğur isə, 30 ildən sonra ərazilərin azad edilməsi və işğalçı dövlət üzərində mütləq Qələbə oldu. Azərbaycanın İordaniyadakı dostları bu münasibətlə azərbaycanlı qardaşlarını təbrik edir, müharibədə canlarını fəda etmiş şəhidlərə Allahda rəhmət diləyirlər”.
Tarixçi alim vurğulayıb ki, Azərbaycanın böyük Zəfəri İslam dünyası üçün də əhəmiyyətlidir. Belə ki, Ermənistan tərəfindən uzun illər İslam abidələrinin dağıdılmasına, məscidlərin təhqir olunmasına da son qoyuldu.
İordaniyalı tarixçi vurğulayıb ki, Azərbaycanın şanlı Qələbəsinin ən mühüm amili Prezident İlham Əliyevlə xalqı arasında yüksək etimadın və həmrəyliyin olmasıdır.