Xəbərlər
Milli Məclisin sədri: Türkdilli xalqların birlik nümayiş etdirməsi və birgə hərəkət etməsi zamanın tələbidir
Sentyabrın 28-də TÜRKPA-nın 10-cu plenar iclası keçirilib.
İclasın əvvəlində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin açılış nitqi söyləyib.
O, TÜRKPA-nın fəaliyyəti haqqında fikirlərini bölüşəndən sonra sentyabrın 27-də Azərbaycanda Anım Gününün qeyd edildiyini bildirib, Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını, ölkə rəhbərliyini təbrik edib. Nurlan Niqmatulinin təklifi ilə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Milli Məclisin sədri Azərbaycanın 27 Sentyabr – Anım Gününün yad edilməsinə görə təşəkkürünü bildirib.
Türk xalqlarının parlamentlərarası əməkdaşlığının bu günü və perspektivləri barədə danışan Sahibə Qafarova qeyd edib ki, türk əməkdaşlıq təşkilatları arasında öz yeri olan TÜRKPA artıq 12 ildir uğurla fəaliyyət göstərir, ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafında parlament diplomatiyasının zəngin potensialından istifadə edilməsinə yol açır. Müasir dünya siyasətində parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən Sahibə Qafarova bunu nümayəndəli orqanların spesifik siyasi mexanizmlərə malik olması ilə əlaqələndirib.
Qurumun hazırkı sessiyasının əlamətdar tarixlər ərəfəsində keçirildiyini deyən S.Qafarova Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın dövlət müstəqilliklərini 30 il əvvəl bərpa etdiklərini xatırladıb. Bu ölkələrin yerləşdikləri bölgələrdə həyata keçirilən ikitərəfli və çoxtərəfli iqtisadi layihələrdən, qarşılıqlı sərmayə qoyuluşlarından, vahid nəqliyyat-kommunikasiya sisteminin qurulmasından, energetika, maliyyə, kredit-bank infrastrukturunun yaradılmasından və sair söz açıb. Bildirib ki, regional əməkdaşlığın bu kimi nümunələri xalqlarımızın tərəqqisinə, türkdilli ölkələrin bir-birinə daha da yaxınlaşmasına xidmət edir.
Çıxışında 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfəri xüsusi vurğulayan Milli Məclisin sədri Sahibə Qafarova 30 ildən bəri işğal altında olan torpaqlarımızın ötən ilin sentyabr-noyabr aylarında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, regionda yeni geosiyasi reallığın formalaşdığını bildirib. Qeyd edib ki, bu böyük Qələbənin önəmli nəticələrindən biri türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası məsələsidir. Bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.
S.Qafarova bir məqama da diqqət yönəldib ki, TÜRKPA ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsini və 1 milyondan çox azərbaycanlının ata-baba yurdlarından didərgin salınmasını daim diqqətdə saxlayıb, Azərbaycanın səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Təşkilat, həmçinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və torpaqlarımızın işğalını pisləyən sənədlər qəbul edib.
Plenar iclasda bütün bunlara görə qardaş Türkiyə Cümhuriyyətinə və digər türkdilli dövlətlərə, TÜRKPA-ya Azərbaycan parlamentinin minnətdarlığını çatdıran Sahibə Qafarova hazırda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında genişmiqyaslı abadlıq-quruculuq işlərinin getdiyi barədə də həmkarlarına məlumat verib. Erməni vandallarının işğal altındakı əraziləri viran qoyduğunu, şəhər və kəndlərimizi, tarixi-mədəni abidələrimizi dağıtdığını, milli sərvətlərimizi talan etdiyini diqqətə çatdırıb.
Müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində türkdilli dövlətlərin rolunun sürətlə artdığını qeyd edən Sahibə Qafarova qarşıya çıxan yeni çağırışlara və problemlərə toxunaraq vurğulayıb ki, türkdilli xalqların birlik nümayiş etdirməsi və birgə hərəkət etməsi zamanın tələbidir.
İclasda çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və beynəlxalq təşkilatların nümayəndələri Vətən müharibəsində qazandığı Qələbə münasibətilə Azərbaycan nümayəndə heyətini və xalqımızı təbrik edib, ölkəmizin uğurlarına sevindiklərini diqqətə çatdırıblar. Çıxış edənlər TÜRKPA-nın fəaliyyətini və bu çərçivədə görülən işləri yüksək qiymətləndiriblər.
Sonra iclasda bir sıra qanun layihələrinə baxılıb, təşkilati məsələlər müzakirə olunub.
TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Cəfərov təmsil etdikləri komissiyaların hesabat məruzələri ilə çıxış ediblər. İclasda model qanun layihələrinin müzakirəsi zamanı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Kinematoqrafiya və audiovizual əsərlərin çəkilişinə xarici investisiyaların cəlb edilməsi haqqında” qanun layihəsini təqdim edib. Azərbaycan tərəfinin hazırladığı bu model qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Tədbirə qatılan Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament Birliyinin, MDB PA Şurasının, QDİƏT PA-nın, Beynəlxalq Türk Akademiyasının və digər beynəlxalq təşkilatların nümayəndələri müzakirələrdə iştirak ediblər.
Plenar iclasın sonunda Türküstan Bəyannaməsi qəbul olunub.