Xəbərlər
Şəhidlərimizin əziz xatirəsi Brüsseldə də anılıb
Sentyabrın 27-də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlamasının birinci ildönümü və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib.
Əvvəlcə Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş əsgər və zabitlərimizin, habelə mülki şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən səfir Vaqif Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətindəki fikirləri vurğulayaraq, Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə, eləcə də diplomatiya sahəsində əldə etdiyi uğurlar sayəsində 44 günlük Vətən müharibəsinin böyük tarixi Zəfərlə nəticələndiyini bildirib.
Səfir xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyinin tarixi Vətənlə bir döyündüyünü və Vətəni uğrunda canlarından keçmiş şəhidlərin qarşısında baş əydiklərini bildirib, onlara Allahdan rəhmət diləyib.