YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycan xalqına Qələbə, Zəfər tarixini yaşadan şəhidlərimiz daim qəlbimizdədir və ehtiramla yad ediləcək

“27 sentyabr Azərbaycanda Anım günüdür. Bu gün Azərbaycan xalqı insanlarımıza Qələbə, Zəfər tarixini yaşadan şəhidlərimizi dərin ehtiramla yad edir. Onlar daim Azərbaycan xalqının qəlbində olacaq və yalnız bir gün deyil, bir ömür boyu anılacaq, xatırlanacaqlar”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, bir il öncə 27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi: “Son 30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu”.

Sədaqət Vəliyeva əlavə edib ki, Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz Ermənistanın 4 ilə işğal etdiyi, təxminən 30 il ərzində möhkəmləndiyi torpaqlarımızın 44 günlük aktiv müharibə, 20 günlük isə siyasi-diplomatik vasitələrlə, cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı: “Heç şübhəsiz Vətən müharibəsi barədə danışdıqda bu prosesin şəksiz qəhrəmanları olan Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun uğurları xüsusi təqdirəlayiq şəkildə dəyərləndirilməlidir. Çünki təsəvvür edin Ermənistan 30 il ərzində işğal etdiyi Azərbaycan torpaqlarını bəlkə də dünyada ən güclü hərbiləşdirilmiş bölgəyə çevirmişdi. Bu ərazilərdə vuruşmuş hərbçilərin sözlərinə görə, düşmən tərəfindən az qala hər kvadratmetri atəş altında saxlamağa imkan verən müasir hərbi sistemlər qurulmuşdu. Bu isə onu deməyə əsas verir ki, 30 il ərzində müxtəlif ölkələrdə təhsil almış, xidmət etmiş, həmin ərazilərə dərindən bələd olmuş düşmənlə vuruşurduq. Eyni zamanda, Ermənistan pulsuz əldə edilən hərbi texnika və sursatlar hesabına texniki baxımdan yüksək dərəcədə təminatlı orduya malik idi. Eləcə də Azərbaycan Ordusuna qarşı döyüşlərdə müxtəlif ölkələrdən, hətta okeanın o tayından erməni əsilli vətəndaşlar, xüsusi təyinatlılar, PKK terrorçuları, Suriyadan xeyli sayda peşəkar muzdlular vuruşurdular. Görünən odur ki, Azərbaycan Ordusu təkcə erməni separatçılarına, Ermənistan ordusuna qarşı döyüşmürdü, həm də dünyanın bir çox ərazilərində formalaşdırılmış terrorçu qruplarla, muzdlu qatil və döyüşçülərlə, xüsusi təyinatlılarla üz-üzə idi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu məhz belə mürəkkəb amillərin mövcud olduğu şəraitdə parlaq qələbə qazandı. Təsadüfi deyil ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası, yüksək peşəkarlıq, orduda yüksək nizam-intizam, mobillik, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, Onun zəruri müdaxilələri, korrektələri qazanılan parlaq qələbənin kökündə dayanan mühüm amillərdən idi”.

Deputat diqqətə çatdırıb ki, Vətən müharibəsi və Zəfər yolu məhz ötən ilin 27 sentyabrından başladı. Qələbə ruhunun müharibəsi olan Vətən müharibəsində 3000-dək hərbçimiz şəhid oldu. Azərbaycan xalqına Qələbə, Zəfər tarixini yaşadan şəhidlərimiz daim qəlbimizdədir və hər zaman ehtiramla yad ediləcək.