YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq hüquqşünaslar: Məqsədimiz ermənilərin törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaqdır

Xəbər verildiyi kimi, Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar. 100 səhifəlik hesabatda Azərbaycanın ən böyük ikinci şəhəri Gəncə də daxil olmaqla ölkəmizin müxtəlif şəhərlərində dinc əhaliyə qarşı edilən hücumlara beynəlxalq hüquq nöqteyi nəzərindən qiymət verilir. Bu hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır.

Həmçinin hesabata xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.

Hesabatın hazırlanmasına iştirak edən bir sıra xarici ekspertlərin ermənilərin işğal dövründə və 44 günlük müharibə zamanı törətdikləri cinayət əməlləri ilə bağlı fikirlərini təqdim edirik.

Beynəlxalq cinayət hüququ üzrə vəkil Stiven Key 44 gün davam edən müharibədən sonra əraziyə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə bölgəyə səfər etdiklərini bildirərək deyir: “Bu münaqişə 1990-cı ilin əvvəllərində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ bölgəsinə hücumu ilə başlayıb. Bu münaqişənin nəticələri BMT və Avropa İttifaqına bəlli idi, lakin münaqişə diqqətdən kənarda qalmışdı. Həmin vaxt Qərbin və ABŞ-ın diqqəti Yuqoslaviyada baş verən müharibəyə yönəlmişdi. Halbuki münaqişənin Azərbaycana vurduğu ziyan daha böyük idi.

“9 Bedford Row” qrupunun araşdırmasının ermənilərin dinc sakinləri hədəfə alan 5 hücumunu əhatə etdiyini söyləyən Stiven Key sentyabrın 27-dən başlayaraq ermənilərin Azərbaycanın yaşayış məntəqələrini mütəmadi şəkildə ağır artilleriyadan atəşə tutduğunu bildirib. Sentyabrın 27-də Qaşaltıya olan hücum zamanı Qurbanovlar ailəsindən 5 nəfər ölüb. Oktyabrın 11-də Gəncəyə “Skad” raketinin atılması nəticəsində təxminən 10 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Oktyabrın 17-də Gəncə növbəti dəfə hədəf seçilib. Bu dəfə 6-sı uşaq olmaqla 15 nəfər ölüb, 60 nəfər isə yaralanıb. Bərdəyə oktyabrın 27-də hücum zamanı 7 yaşlı qız daxil olmaqla 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Oktyabrın 28-də Bərdə yenidən hədəf seçilib. Hücum zamanı 21 nəfər öldü, 90 nəfərdən çox insan yaralandı. Araşdırdığımız bu 5 əsas hücum zamanı 56 dinc insan ölüb, 200 nəfərdən çoxu isə yaralanıb. 44 günlük müharibə zamanı ümumilikdə 100-ə yaxın dinc insan ölüb. Bizim araşdırmalarımız zamanı səfər etdiyimiz yerlər dinc sakinlərin yaşadığı ərazilər idi, hətta onların çoxu Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın düşən insanlar idi. Biz yaxınlarını itirmiş insanlarla görüşdük. Bizim məqsədimiz ermənilərin törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

“9 Bedford Row” qrupunun üzvü Corc Kern Füzulinin çox zəngin mədəni tarixinin olduğunu bildirib: “Biz noyabrın 21-də dağıdılmış Füzuli bölgəsinə səfər etdik. Füzulinin çox zəngin mədəni tarixi var. Buradakı qədim dövrlərə məxsus olan karvansaray və sərdabələr şəhərin mədəniyyət beşiyi olduğunu sübut edir. Burada dağıdılmamış bir bina yox idi. Yol boyu sıradan çıxmış hərbi texnikalarla rastlaşdıq. Keçdiyimiz kəndlərdə qəbirlərdən meyitlərin çıxarıldığının, qəbir daşlarının dağıdıldığının şahidi olduq”.

“9 Bedford Row” qrupunun üzvü Drea Beker işğaldan azad edilmiş ərazilərə səfərlərindən və hazırladıqları hesabatdan bəzi məqamları vurğulayaraq bildirib: “Bizim səfərimiz münaqişədən dərhal sonra idi. Sentyabrın 27-də münaqişə başlayan gündən demək olar ki, hər gün dinc əhalinin ölüm hadisəsi qeydə alınıb. Səfərimiz zamanı ailə üzvlərini itirmiş insanlarla danışmaq imkanı qazandıq. Qaşaltı kəndində erməni hücumu nəticəsində beş üzvü həlak olan Qurbanovlar ailəsinin sağ qalan yeganə üzvü Nadir Qurbanovla söhbət etdik. Hərbi qulluqçu olan Nadir hücum zamanı evindən 3 kilometr uzaqda olub. Hücum zamanı Nadirin anası, atası, həyat yoldaşı, 13 yaşlı oğlu və qardaşı qızı ölüb. Qurbanovların evi isə tamamilə dağılıb”.

Qeyd edək ki, Londonda yaşayan həmyerlimiz “BM Morrison Partners” beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil “9 Bedford Row” vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup bu hesabatı hazırlayıb.

 

DİGƏR Xəbərlər Arxiv