YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcəyimizin naminə...

           Teyyubə Hüseynova

           Əməkdar müəllim 

XX   yüzillikdə   Azərbaycanın   ictimai-siyasi,  mədəni  həyatının  tarixi   uğurlarından  biri  müasir   Azərbaycan   qadınının  fenomen   kimi   qərarlaşmasıdır.   Azərbaycan   müstəqillik   qazandıqdan  sonra   qadınların   cəmiyyətdə   rolu   daha  da   artmışdır.  Eyni  zamanda    qadın   hüquqlarının   qorunması  üçün  mühüm  qərarlar   qəbul  olunmuşdur. Tariximizə nəzər salanda görkəmli qadın hökmdarlarımız,  sərkərdələrimiz,   qəhrəmanlarımız  ilə  fəxr  edirik.  Gəlin,  etiraf  edək  ki.   Tomris  kimi,  Nüşabə  kimi  qadın  hökmdarlarımız,   hökmdarlar   dünyaya  gətirmiş  Aləm  Şah  Bəyim,   görkəmli  diplomat  Sara  Xatun   poeziyası  ilə   könüllər  oxşayan  Məhsəti  Gəncəvi,  Heyran  xanım  və  başqa   qəhrəman   qadınlarımız  buna  bariz  misaldır.  Memarlıq,  səhiyyə,  elm,  təhsil  mədəniyyət  və  digər  sahələrdə   uğurla  çalışan   qadınlarımızın  qazandığı   nəaliyyətlər,  apardığı   tədqiqatlar,  yaratdığı   əsərlər   Azərbaycanın   parlaq   səhifəsidir.

          Son  zamanlarda   mətbuatda   qadına   şiddət,  zorakılıq,  ədalətsiz  yanaşma,  erkən   nikahlar,  narkotik   aludəçiliyi,  insan  alveri  kimi   məsələlərdən   çox  danışılır.  Bunlar   hamısı  insanlığa  qarşı   cinayətdir  və   bütün  dövrlərdə, bütün  dünyada  rast  gəlinən   cinayətlərdir.  Bu  cinayətləri   heç  bir   halda  milli   təfəkkürə  mentalitetə  bağlamaq  olmaz.

            İslam   dinini   düzgün   anlayan   və  onun   humanist   dəyərlərini  mənimsəyən  bir  xalq  kimi   bizim   cəmiyyətimizdə   qadın  həmişə   uca  tutulub, qadın,  ana,  bacı,  qız  övladının   sözü  keçərli  olub.  Ən  patriarxal  ailələrdə  belə  son  sözü  anaların,  qadınların   gözləri  deyib.   Ərini,  oğlunu   qardaşını  qapıdan  yola  salan  ana,  gəlin,  bacı  deyib.  Milli-mənəvi  dəyərlərimizi,  qadın  zərifliyini,  ana  müqəddəsliyini   qoruyub  saxlamaq   üçün  Azərbaycan  qadınına  qeyrətli   Azərbaycan  oğulları   hər  zaman  lazımdır.  Milli-mənəvi  dəyərimiz  qadına  hər  an  səbirli  və  təmkinli   olmağı,  qarşılaşdığı  hər  münasibətə   ən  gözəl  qarşılığı  verməyi,  təmkinli   davranmağı,  nəcib  xanımlara  məxsus  davranış  nümayiş   etdirməyi  göstərir. 

Yaranışdan  gözəl  olan  Azərbaycan  xalqı  tarixin  süzgəcindən   keçmiş  çox  yüksək   milli-mənəvi  dəyərlərə  malikdir.  Bu  dəyərlər  xalqımızı   daha  da  güclü  edir,  milli   həmrəylik,   milli  birlik   ruhunun   yaranmasına  kömək  edir.  Bu  dəyərlər   bizim  tariximiz,  dilimiz,  dinimiz,   adət-ənənəmiz,  milli  mentalitetimiz, mədəniyyətimizdir.

              Ümummilli  liderimiz  Heydər  Əliyev  Şərqlə  Qərb  arasında  körpü  rolunu  oynayan  ölkəmizin  iki  qitə  arasında  barışdırıcı  mövqeyinə  diqqət  çəkərək  deyirdi ki, «Biz  Avropa  qitəsinə  daxilik.  Amma  Avropa  ilə  Asiya  arasında  biz  öz  ölkəmizdə,  tariximizdə,  milli  mədəniyyətimizdə,  tarixi  köklərdə  və  mentalitetdə  Şərqlə  Qərbin, Avropa  ilə  Asiyanın  sintezini  təşkil  edirik».

                  Dilimizdə   aforizmə   çevrilmiş   bir  deyim var: “ailə dövlətin   əsasıdır”. Qadınlarımızın  ailədəki  yeri   və  əhəmiyyətini  nəzərə  alsaq,  onların   dövlətçilikdə   nə  kimi    yüksək  statusa  malik   olduğu   aydınlaşar.  Hər   bir  xalın   özünəməxsus   keyfiyyətləri,  fərqli  tərəfləri   özünü  ən   çox  ailə- məişət  münasibətlərində   göstərir.     Kim  nə  deyirsə  desin,   bir  avropalını   bir  azərbaycanlıdan  fərqləndirən  ən  böyük   cəhət  onların   həyata  baxışı   və  ailə  münasibətləri  anlayışıdır.  Bir  avropalı  üçün  ailə  komfort  həyat,  isti   bir  yuva   deməkdirsə,   bir  azərbaycanlı  üçün  fədəkarlıq,  qarşılıqlı   ehtiram,  məsuliyyət  hissi   deməkdir.  Gəlin  etiraf  edək  ki,   bu  fədəkarlıq   yükünü   Azərbaycan  qadını  daha  çox  çəkir.  Azərbaycan  qadını  milli dəyərləri və inancları, valideynin  qarşısında  qoyduğu   vəzifələri   dərindən   dərk   etdiyindəndir  ki,   o   gözəl  anadır,   yaxşı   valideyndir.  Çünki   islama  görə   Allah  bizə   verdiyi  övladla  birlikdə,   valideyn  vəzifəsi  də  verir  və  biz   övlada  baxmaqla  əslində   Allah  qarşısında  borcumuzu  yerinə  yetirmiş  oluruq.  Azərbaycan  qadını  övlad  tərbiyəsində  müsəlmançılığa  xas  olan  “qızıl ortam”,  yəni   ərköyünlüklə,  gözüqıpıqlıq  arasındakı   “qızıl  orta”mı  tuta  bilmək  bacarığına  malikdir.  Tərbiyə  üçün  tərbiyə  göstərmək   bacarığına  malikdir.

        Qadın  insanı  dünyaya  gətirən,  onu  yetişdirən  möhtəşəm  varlıqdır.  Onun  qəlbi  sevgi  ilə  ilmək-  ilmək   toxunmalıdır  ki,  uşaqlarını   o  sevgiylə  qorusun ,  böyütsün  cəmiyyətə  faydalı  insanlar  edə  bilsin.  Bu  baxımdan  qadın  ailənin  və  bilavasitə   cəmiyyətin  təməl  daşıdır.  Onun  mükəmməlliyi   deməkdir.  Elə  bunun  nəticəsidir  ki,  uzun  illərdir  ki,  ölkəmizin  ictimai-siyası  həyatında   mühüm  və  fəal  rol  oynayan,  ölkəmizin  və  xalqımızın  maraqlarını     hər  şeydən  üstün  tutan  ümummilli  etimad   ünvanı  olan  nəcib  müsəlman  qadını  Mehriban Əliyeva  Azərbaycan  Respublikasının  birinci  vitse-  prezidentidir.  Vətəninə,  xalqına  xidmət, mərhəmət  və  ədalət,   tolerantlıq  və  ümumbəşəri   dəyərlərə  sədaqət  Mehriban  xanımın  önəm  verdiyi   prinsiplərdir.

           Azərbaycan  qadınına  xas  mükəmməlliyin  nəticəsidir  ki,  Azərbaycan  qadını   “Öncə  vətəndir”,  “Vətən   sağ  olsun”  deyərək  öz  sevgili   övladlarını   vətən  yolunda  qurban  verirlər.   Mənəviyyatı  güclü  olan  müsəlman  qadını  başa  düşür  ki,  həyatın  mənası  mənəviyyatdır.  Maddiyatda  nə  isə  az  da  ola  bilər,  olmaya  da  bilər.  Ən  əsası  odur  ki,  milli  birliyimizi   qoruyaq,  saxlayaq. Bir   şeyi   yaddan  çıxarmayaq  ki,  tarixən  analarımız  ayaqları  ilə od  ayaqlayıb,  gözləri  ilə  od  götürüb.  Analarımız  yağıya  yaman  olub,  səbri   ümman  olub.

         Bu gün cəmiyyətimizin  güclü olması ilk növbədə ailələrin güclü olmasından irəli gəlir. Xoşbəxt ailədə göz açan övlad isə, sağlam gələcəyin təminatçısıdır. Gələcəyimiz naminə baş verən neqativ halların aradan qaldırılması üçün hər birimiz mütəşəkkil olmalı və bu hallara qarşı çıxmalıyıq.