YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 illik həsrətdən sonra şuşalılar doğma şəhərlərinə qayıdıblar

Avqustun 19-da Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə Şuşa sakinləri şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları Şuşada salamlayıb. O qeyd edib ki, bu gün şəhərin tarixində önəmli gündür: “Əminəm ki, 29 illik həsrətdən sonra Şuşanı görmək sizlər üçün böyük hadisədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan “Dəmir yumruq” əməliyyatı və ordumuzun şücaəti sayəsində azad olunan Şuşa şəhərinə qayıdan ilk sakinlər sizlər olmusunuz və müəyyən müddətdən sonra bütün Şuşa sakinləri öz doğma şəhərlərinə qayıda biləcəklər”.

M.Abbasov bildirib ki, şəhərdə bərpa və yenidənqurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir. Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanılıb. “Buraya səfərlər təşkil olunacaq. Bu səfərlərdə əsasən yaşlı nəslin nümayəndələrinə üstünlük veriləcək, sonra yavaş-yavaş cavan nəslin nümayəndələrinin də səfərləri təşkil ediləcək”, - deyə o əlavə edib.

Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

Səfər zamanı sakinlər Şuşadakı evlərinə də baş çəkib, təəssüratlarını jurnalistlərlə bölüşüblər.