Xəbərlər
Ramil Həsən: Azərbaycan-Türkiyə qardaşlığı dost ölkələr tərəfindən rəğbətlə qarşılanmaqla yanaşı, regionda marağı olan daiərələri ciddi narahat etməkdədir

“Şübhəsiz bu gün dünyada baş verən qloballaşma prosesi çərçivəsində Azərbaycan-Türkiyə münasibətləri, iki dost ölkə arasında qardaşlıq əlaqələri böyük imkanlara malikdir. Əlbəttə ki, burada ən önəmli faktor budur ki, iki dövlətin liderləri bilavasitə Azərbaycan-Türkiyə münasibətlərini sarsılmaz dostluq və bundan daha yüksək səviyyəyə döğru inkişaf etdirərək qardaşlıq münasibətlərinə çatdırmaq üçün misilsiz xidmətlər göstəriblər və bu gün də davam edir. Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Onlar arasında gərginliklər mövcuddur. Liderlərin oynadıqları rol, dövlətini idarə edən, millətinə, ölkəsinə rəhbərlik edən şəxs olaraq bilavasitə şəxsi dostluq və qardaşlıq münasibətləri fonunda dövlətlərarası münasibətlərin də yaxşılaşdırılması Azərbaycan-Türkiyə münasibətlərində mükəmməl bir örnəkdir. Eyni kökə, tarixi əlaqələrə, qədim mədəniyyətə sahib olan iki qardaş dövlətin, bir millətin övladları olaraq Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdar olmalıyıq.”
Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən bildirib.
R.Həsən qeyd edib ki, əlbəttə, bu sarsılmaz dostluq münasibətlərinin strateji tərəfdaşlıq çərçivəsinə keçirilməsi və bu istiqamətdə atılan addımlar, həyata keçirilən müxtəlif formullu, müxtəlif çoxşaxəli layihələr və əldə olunan nəticələr bəzi dost, qardaş ölkələr tərəfindən rəğbətlə qarşılanmaqla bərabər, regionda marağı, regionla bağlı öz planları, layihələri olan digər dövlətləri, qurumları, dünyada cərəyan edən proseslərdə öz mövqeyini ortaya qoymağa çalışan daiərələri ciddi şəkildə narahat etməkdədir.
“Əlbəttə ki, bunlara baxmayaraq Azərbaycan-Türkiyə münasibətləri istər tarixi Zəfərimizdən öncə, istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə çox uğurla inkişaf etməkdədir” söyləyən millət vəkili bu əminliyi də ifadə edib ki, parlamentarilər də, qeyri-hökumət təşkilatları da, jurnalistlər də, ümumiyyətlə, Azərbaycanın və Türkiyənin gələcəyini daha güclü, qüdrətli görmək istəyən hər bir vətəndaşımız bu istiqamətdə dövlət başçılarımızın, liderlərimizin həyata keçirdikləri siyasətə dəstək verməli, öz üzərilərinə düşən məsuliyyəti dərk edərək əllərindən gələni əsirgəməməli, müsbət addımlar atmalıdırlar.