Xəbərlər
Arizona ştatı Xocalı soyqırımını tanıdı
ABŞ-ın Arizona ştatının Senatı fevralın 25-də Xocalı soyqırımının tanınmasına dair qətnamə qəbul edib. Qətnamə Senatın plenar iclasında iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilib.
Qətnamədə bildirilir ki, erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 600-dən çox mülki şəxsi qətlə yetirib, minə yaxın insan yaralanıb və 1200-dən artıq insan əsir götürülüb. “Human Rights Watch” təşkilatının müvafiq hesabatına istinad edilərək, Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük kütləvi qətliam olduğu bildirilir və dünyanın bir sıra ölkələrinin və ABŞ-ın müxtəlif ştatlarının müvafiq qətnamələr qəbul edərək, bu qətliamı pislədikləri vurğulanır. Qətnamədə bu faciəni törədənlərin hələ də ədalət qarşısında cavab vermədikləri bildirilərək, Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də işğal altında olduğu qeyd edilir.
Eyni zamanda, bildirilir ki, BMT Təhlükəsizlik Şurası və Baş Məclisi müvafiq qətnamələr qəbul edərək, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini pisləyib.
Sonda Arizona ştatının Senatı tərəfindən 2015-ci il 26 fevral tarixinin Xocalı faciəsinin 23-cü ildönümü kimi tanındığı və faciənin qurbanlarının yad edildiyi bildirilir.
Qeyd edək ki, bu, Arizona Ştatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş ilk rəsmi sənəddir. Bununla da Xocalı soyqırımını ABŞ-da tanıyan ştatların sayı 16-ya çatıb.