Xəbərlər
ABŞ Konqresində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (AFAZ) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Konqresin binasında xüsusi mərasim təşkil edib.
Mərasimdə 16 konqresmen, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə, Fransa Senatının üzvü Natali Qule, Konqres aparatının əməkdaşları, yerli ictimaiyyətin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı qətliamını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi adlandırıb. O deyib ki, bu qətliamın qurbanlarının xatirəsini anmaqda məqsəd qisasçılığı təbliğ etmək deyil, uzunmüddətli sülhün tezliklə əldə edilməsinin vacibliyini xatırlatmaqdır. Səfir məhz bu niyyətlə Azərbaycanın ən yaxın zamanda böyük sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu qeyd edib. Diplomat Xocalı faciəsinin anılmasının gələcək qətliamların qarşını ala biləcəyini söyləyib və əlavə edib ki, vaxtilə bu qətliama və Azərbaycanın üzləşdiyi işğala diqqət yetirilmiş olsa idi, regionumuzdakı digər faciələrin, o cümlədən Ukraynadakı hadisələrin qarşısını almaq mümkün olardı.
ABŞ Konqresində Azərbaycan üzrə dostluq qrupunun həmsədri Bil Şuster bu qrupa rəhbərlik etməkdən şərəf duyduğunu söyləyib, Azərbaycanı ABŞ-ın strateji tərəfdaşı kimi xarakterizə edib və qarşılıqlı münasibətlərin əhəmiyyətini vurğulayıb. Konqresmen 11 sentyabr terror aktının ardınca Azərbaycanın ABŞ-a dəstəyini ifadə etmiş ilk ölkələr arasında olduğunu minnətdarlıqla xatırlayıb. O, Konqresdə təşkil edilmiş bu tədbirə qatılmaqla Xocalıda qətlə yetirilmiş insanların xatirəsini anmaq istədiyini bildirib və Azərbaycan səfirinin fikirlərinə şərik çıxdığını deyərək, regionda tezliklə sülhün bərqərar olmasını diləyib.
Texas ştatından Pit Olson 23 il əvvəl Xocalıda azərbaycanlıların mühasirəyə alınaraq, qətlə yetirildiklərini qeyd edib və nəticədə 613 günahsız insanın həyatına ermənilər tərəfindən qəsd edildiyini xatırladıb. O, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın “bu qətliama qədər azərbaycanlıların ermənilərin mülki şəxslərə əl qaldıra biləcəklərinə inanmırdılar, lakin Xocalıdan sonra onlar bu fikrin yanlış olduğunu gördülər” fikrini diqqətə çatdırıb. Konqresmen Olson hər kəsi Xocalı faciəsini unutmamağa çağırıb.
Xaviyer Beserra çıxışında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində tezliklə yekun və davamlı sülhün əldə edilməsinə dair mövqeyinə dəstəyini bildirib. Konqresmenlər Henri Kuellar, Rayan Zinke, Pol Qosar, Əl Qrin və Ted Doyç isə ABŞ-Azərbaycan tərəfdaşlığından danışıb və iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstəklərini bəyan ediblər. Henri Kuellar Xocalıda yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi vurğulayıb. İvet Klark Xocalı qətliamı qurbanlarının xatirəsinin anıldığı bir vaxtda Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib və belə faciələrin heç zaman unudulmamalı olduğunu söyləyib.
Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açıb, xalqımızın bütöv bir nəslinin Ermənistanın Qarabağda apardığı etnik təmizləmənin qurbanı olduğu barədə məlumat verib, Azərbaycanın qisasçılıq deyil, ədalət axtarışında olduğunu bildiriblər. A.Mollazadə XX əsrdə baş vermiş digər qırğın və soyqırımları ilə paralel apararaq, Xocalı faciəsini törədənlər üçün beynəlxalq məhkəmə tələb edib. S.Fətəliyeva erməni işğalından əziyyət çəkən məcburi köçkünlərin, xüsusilə də köçkün uşaqların üzləşdiyi vəziyyəti diqqətə çatdırıb. Onlar beynəlxalq ictimaiyyəti və Azərbaycanın dostlarını ölkəmizin haqq işinə dəstək verməyə səsləyiblər.
Tədbirdə çıxış etmiş Konqresin digər üzvləri və fransalı senator Natali Gule Xocalı qurbanlarının xatirəsini anıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının vacibliyini bildiriblər.
İştirakçılar, həmçinin Xocalı qətliamına dair fotosərgi ilə tanış olub və onlara “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış materiallar təqdim edilib. Bundan əlavə, tədbir boyu toplantı zalındakı böyük ekranlarda faciə qurbanlarının adları bir-bir göstərilib.