Xəbərlər
Brüsseldə Xocalı faciəsi ilə əlaqədar mitinq keçirilib
Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin təşkilatçılığı ilə Brüssel şəhərində mitinq keçirilib.
Mitinq Avropa Parlamentinin binasının qarşısındakı Lüksemburq meydanında baş tutub. Mitinqdə Belçikada yaşayan soydaşlarımız, türk diasporunun nümayəndələri iştirak ediblər. Səsgücləndiricilər vasitəsilə “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycan torpağıdır!”, “Sarkisyan – cinayətkar!”, “Hamımız Xocalıyıq, hamımız türkük, hamımız əsgərik!”, “Erməni faşizminə son!” kimi şüarlar səsləndirilib, yoldan keçən insanlara Xocalı faciəsi ilə bağlı bukletlər təqdim edilib.
Eyni saatlarda 8-10 nəfər erməni Azərbaycan səfirliyi qarşısında mitinq keçirməyə cəhd etsə də, onların bu cəhdi Belçika federal polisinin müdaxiləsi nəticəsində baş tutmayıb və mitinqin qarşısı alınıb.