Xəbərlər
Qurban bayramının dövlət səviyyəsində qeyd olunması milli və dini ənənələrə sədaqət nümunəsidir
Əli Hüseynli,
Milli Məclisin deputatı
44 günlük Vətən müharibəsində möhtəşəm Qələbədən sonra Azərbaycan xalqı ilk dəfə olaraq bu il tolerantlıq rəmzi olan Qurban bayramını xüsusi bir təmtəraqla, daha böyük ruh yüksəkliyi və mənəvi rahatlıq şəraitində qeyd edəcəkdir.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı çox dərin və maraqlı tarixə malikdir. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan bu bayram İslam aləmində ən möhtəşəm, ən müqəddəs, ən qədim bayramlardandır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan bu təqvim günləri ölkəmizdə də dövlət səviyyəsində bayram edilir.
Qurban bayramı heç zaman unudulmayan mənəvi miras olaraq xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu nümayiş etdirir.
İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə söykənən mütərəqqi adət-ənənələri və ritualları Azərbaycan xalqı tərəfindən əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə qorunub saxlanmışdır. Dövlət müstəqilliyinin bərpası ilə bu gün Azərbaycanın müsəlman əhalisi üçün dini bayramları layiqincə qeyd edilməsi üçün əlverişli şərait yaranmışdır. Qurban bayramının özəlliyi ondadır ki, o, Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin də əhatə olunduğu vahid Azərbaycan xalqının həmrəyliyini ifadə etməklə tolerantlığın təntənəsinə çevrilmişdir.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Bu reallıq Şərq və Qərb dəyərlərinin ən üstün cəhətlərinin nümunəvi sintezini uğurla təqdim edən Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.
Müstəqillik dövründə ölkəmizdə dini bayramlarla bağlı siyasi varislik – ənənələr etibarlı şəkildə qorunmuş və davamlı inkişaf yoluna çıxmışdır. Ulu öndər Heydər Əliyev dini bayramların, xüsusilə Qurban bayramının Azərbaycan xalqında gələcəyə inamın möhkəmlənməsində və onun nikbin ruha köklənməsində aldığı yeri yüksək dəyərləndirərək demişdir: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir”.
Bu gün bu ənənələr Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının təşəbbüsü və müvafiq sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində qazandığı möhtəşəm uğurlardan biridir.
Azərbaycan xalqının həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşdığını, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiyini vurğulayan Prezident İlham Əliyevin bu münasibətlə xalqa müraciətində söyləmişdir: “Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Bu bayramın fəlsəfəsi Azərbaycan xalqının yazdığı şanlı Zəfər tarixi ilə həmahəngdir. Çünki Qurban bayramında fədakarlıq nümayiş etdirən Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsidir.