Xəbərlər
Oliver Varhelyi: Avropa İttifaqı regionda sülhə töhfə verməyə hazırdır
Azərbaycan öz tolerantlığı, din-dövlət münasibətləri baxımından dünyada nadir dövlətdir. Ölkəmizdə dinə və dindarlara xüsusi dövlət qayğısı var. Burada bütün dinlərə mənsub insanlar təhlükəsiz şəraitdə yaşayırlar.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 8- Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşündə deyib. Qarabağın erməni işğalından azad olunmasından danışan QMİ sədri qeyd edib ki, azad edilmiş torpaqlardakı 67 məsciddən 65-i dağıdılıb. Məscidlərimiz tövlə kimi istifadə edilib. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bütün maddi-mədəniyyət nümunələri kimi, məscidlərin də təmir olunması barədə göstəriş verib.
Erməni katolikosunun yalan bəyanatlar verdiyini, kilsələrin guya dağıdıldığı ilə bağlı şayiələrin yayıldığını təəssüflə bildirən Allahşükür Paşazadə qeyd edib ki, bütün bunlar yalandır və erməni şovinizminin növbəti göstəricisidir.
Azərbaycan-Avropa İttifaqı əlaqələrindən danışan Oliver Varhelyi bildirib ki, Aİ ölkəmizlə münasibətlərin uğurla davam etdirilməsi prinsipinə sadiqdir. “Azərbaycanla əlaqələrimizi daha da genişləndirməkdən çox şad olarıq. Biz Avropa İttifaqı olaraq regionda sülhə töhfə verməyə hazırıq. Bizim də bu işə köməyimiz dəyərsə, məmnun olarıq”, - deyə Aİ nümayəndəsi qeyd edib.