Xəbərlər
Prezident İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə ad günü münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli Nursultan Abişeviç, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Siz şərəfli bir ömür yolu keçərək Qazaxıstan Respublikasının rifahı, bugünkü səviyyəyə yüksəlməsi üçün var qüvvənizi sərf etmiş, ölkənizin beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuş görkəmli dövlət xadimisiniz.
Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfənizi xüsusi qeyd etmək istəyirəm.
Atam Prezident Heydər Əliyevlə Sizin aranızda mövcud olmuş dərin hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutur, həmişə gözəl təəssüratlarla xatırlayıram.
Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə işlərinizdə daim uğurlar diləyirəm".