Xəbərlər
Azərbaycan və Slovakiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
İyulun 2-də Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, siyasi məsləhətləşmələrdə Azərbaycan XİN-in nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Slovakiya nümayəndə heyətinə Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Martin Klus rəhbərlik ediblər.
Görüşdə ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə inkişaf perspektivləri müzakirə olunub.
X.Xələfov slovakiyalı həmkarına Ermənistanın Azərbaycana qarşı 30 ildən bəri davam edən hərbi təcavüzünün ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət və bununla bağlı cərəyan edən proseslərin inkişafı barədə məlumat verib, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış məntəqələri və infrastrukturun məqsədli şəkildə dağıdılması, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə geniş danışıb.
Nazir müavini işğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaradıldığını qeyd edərək, üçtərəfli bəyanatların icrası, o cümlədən kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını vurğulayıb.
Tərəflər, ikitərəfli əməkdaşlığın gələcəkdə genişləndirilməsi üçün əlverişli imkanların olduğunu və siyasi dialoqun davam etdirilməsinin vacibliyini bildiriblər.
Görüşdə, həmçinin Azərbaycan ilə Slovakiya arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlıq, regional və qlobal xarakterli məsələlər, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.