Xəbərlər
Hyustonda Xocalı faciəsi barədə məlumatlandırma aksiyası keçirilib
ABŞ-ın Hyuston şəhərində erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğının ildönümü ilə əlaqədar aksiya keçirilib.
“Hyuston azərbaycanlıları” Assosiasiyasının təşkil etdiyi aksiya Hyuston ictimaiyyətini Xocalı faciəsi və Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti barədə məlumatlandırmaq məqsədi daşıyıb.
İngilis və ispan dillərində yazılmış plakatlarda Xocalı qırğını, BMT və AŞPA-nın, müxtəlif ölkələrin və ABŞ-ın ştatlarının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü tanıyan qətnamələri haqqında informasiya təqdim olunub. Aksiyanın fəalları şəhər sakinlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və erməni silahlı birləşmələrinin Xocalıda hərbi cinayətləri barədə ətraflı informasiya olan vərəqələr paylayıblar.