Xəbərlər
Əliabbas Salahzadə: Prezident İlham Əliyevin Ermənistana yeni şərti Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir
Milli Məclisin deputatı Əliabbas Salahzadə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə müasir ordu quruculuğu prosesində yeni mərhələnin başlanmasından bəhs edərək bildirib ki, tarixi Zəfərimiz Azərbaycanın bu sahədə malik olduğu imkanların, təcrübənin təqdimatında əhəmiyyətli rol oynadı: “Dövlətimizin 30 ilə yaxın dövrdə dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından səsləndirdiyi “Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək”. “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz” kimi bəyanatları təbii ki, beynəlxalq hüquqa söykənən mövqeyimizə, eyni zamanda, iqtisadi imkanlarımız fonunda ordu quruculuğu sahəsində qazanılan uğurlara əsaslanırdı. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, yeni səhifə açılıb. Dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bir daha işğalçı dövlətə bu şərti irəli sürdü ki, Ermənistanın inkişafı üçün yeganə yolu öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməməkdir. Dağlıq Qarabağ adlı ərazi vahidi, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Ermənistan bunu belə qəbul etməlidir.”
Ə.Salahzadə vurğulayıb ki, qeyd olunan görüşdə Ermənistan üçün itirilmiş 30 ilin təhlili verildi və işğalçılıq siyasətinin bu ölkənin müstəqil dövlət ola bilməməsində rolu açıqlandı: “Ermənistan bu illər ərzində nə qazandı? Ölkədə sosial-iqtisadi, siyasi durumun gərginliyi bu illərin aydın mənzərəsini yaradır. Ən əsası Ermənistan uğursuz ölkədir. Onu bu vəziyyətə salan işğalçılıq siyasətidir. Qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan sonda belə acınacaqlı vəziyyəti yaşayacağını dərk etməmiş deyildi. Tarixi saxtalaşdırmaqla, beynəlxalq hüququn, ədalətin mövcudluğunu inkar etməklə nəyəsə nail olmaq mümkünsüzdür. Çünki bütün hallarda danışan faktlar olur, dəyərləndirmə isə beynəlxalq hüquq prinsipləri əsasında həyata keçirilir.”
Millət vəkili qeyd edib ki, Azərbaycan daim irəli baxır: “Dövlətimizin başçısı İlham Əliyev “Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir” çağırışı ilə qarşıdakı dövrün hədəflərini açıqladı. İkinci Qarabağ müharibəsinin nəticələri və gedişatı düzgün təhlil edilərək hərbi gücümüzü artıracağıq. Ermənistan düşmənçilik siyasətindən əl çəkməsə nəinki hərbi gücünü, dağılmış, məhv edilmiş ordusunu, eyni zamanda, iqtisadi vəziyyətini bərpa edə bilməyəcək. Ermənistanın 30 ildə havadarları tərəfindən silahlandırılması, hərbi texnika, silah-sursatla təmin edilməsi İkinci Qarabağ müharibəsinin gedişi dövründə bir daha təsdiqləndi. Belə ki, Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının, silahların dəyərləndirilməsi əsasında ortaya qoyulan məbləğ kasıb ölkənin iqtisadi imkanları ilə təzad təşkil edir. Kasıb ölkədə bu qədər vəsait hardandır? Bu silahlar kim tərəfindən verilib? Cənab İlham Əliyev Vətən müharibəsi zamanı xarici mətbuata çoxsaylı müsahibələrində daim bu suallara cavab verilməsini tələb edirdi.”
Ə.Salahzadə vurğulayıb ki, Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunub: “Ölkə iqtisadi cəhətdən asılı vəziyyətdədir. Bu ölkənin büdcəsi erməni diasporunun ianələri hesabına formalaşır. Həmin vəsaitlər də daim Ermənistan rəhbərliyi tərəfindən mənimsənilir. İqtisadi cəhətdən asılı olan bir ölkə əhalinin sosial müdafiəsinin gücləndirilməsindən necə danışa bilər? Koronavirus infeksiyasına qarşı mübarizə tələblərinə uyğun olaraq ölkə əhalisi kütləvi tərketmələri reallaşdıra bilməsə də iqtisadi böhran içərisində çabalayır. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşünün geniş yer aldığı erməni mətbuatında bu reallıqlar öz əksini tapıb ki, Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb.”
“Ermənistan yeni reallıqlarla barışmalı, işğalçılıq siyasətindən əl çəkib bölgədə sülhün, təhlükəsizliyin daimiliyinin təmin edilməsi üçün əməkdaşlıq formatlarına qoşulmalıdır. Bu kimi addımlar işğalçı dövlətin yaşadığı çətinliklərdən xilası olar”, - deyə millət vəkili bildirib.