Xəbərlər
Rusiya Azərbaycan və Türkiyə prezidentlərinin 3+3 formatında əməkdaşlıq mexanizminin yaradılması təklifini dəstəkləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər çərçivəsində reallaşıb.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu gün apardıqları danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Rusiyalı nazir qeyd edib ki, danışıqlar zamanı Ermənistan ilə Azərbaycan arasında barışığa, münasibətlərin normallaşmasına kömək etmək barədə razılıq əldə olunub: “Həm ermənilərin, həm azərbaycanlıların, həm də digər millətlərdən olan hər bir insanın bu torpaqda mehriban qonşular kimi yanbayan yaşaması üçün şəraitin yaradılmasına yardım etmək lazımdır. Fikrimizcə, bu halda istənilən məsələni, o cümlədən siyasi xarakterli məsələləri həll etmək daha asan olacaq".
Rusiya XİN rəhbərinin sözlərinə görə, əməkdaşlığın istiqamətlərindən biri də bu regionda ticari-iqtisadi, nəqliyyat əlaqələrinin bərpasıdır.
“Rusiya prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin 3+3 formatda regionun inkişafına yardım mexanizmi yaratmaq təklifini dəstəkləyir. Üç Zaqafqaziya ölkəsi və üç qonşu - Rusiya, Türkiyə və İran. Bu gün biz bu barədə danışdıq və ilkin dövr üçün yaxşı planlar var”, - deyə S.Lavrov bildirib.
O əlavə edib ki, Rusiya Qarabağ nizamlanması üzrə sıx və səmərəli əməkdaşlıqdan məmnundur.