Xəbərlər
Vətən sənə əmanətdir, Azərbaycan əsgəri!
Vüqar Rəhimzadə,
“91-lər”in üzvü, siyasi elmlər doktoru,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist
Ordun varsa, yurdun var
26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı olan Ordumuzun şücaəti, qəhrəmanlığı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirməklə yanaşı, vaxtilə itirilmiş qürurumuzun 44 günlük Vətən müharibəsində Zəfərimizlə bərpasından sonra başı uca, alnı açıqdır. Bu şanlı Qələbənin əsas qəhrəmanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusudur. Tarixi Zəfərin mübarək, Azərbaycan və Azərbaycan xalqı! Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun da var. Rəsmi Bakı daim ən yüksək tribunalardan bəyan edirdi ki, torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik.
Azərbaycan xalqı bu gün Silahlı Qüvvələrinin gücü, qüdrəti sayəsində bu tarixi günü - 26 İyun Azərbaycan Silahlı Qüvvələri Gününü xoş ovqatla, qürurla, ərazi bütövlüyümüzün bərpası, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşub yeni səhifənin açılması fonunda qeyd edirik. Amma hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.
Azərbaycan Ordusunun şərəfli tarixi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Tarixi paralellər fonunda 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğunda da mühüm uğurlara imza atıldığını, davamlı işlər görüldüyünü qeyd edə bilərik. Azərbaycan Ordusu özünün inkişaf dövrünü yaşadı, maddi-texniki bazasını daha da möhkəmləndirdi. Müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin rəhbərlik etməsi, bir sözlə, hakimiyyətsizlik bütün sahələrdə uğursuzluqlara yol açmışdır. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, silahlı qruplaşmalar geniş vüsət almışdır. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının ifadəçisi kimi çıxış edərək, ərazilərimizin biri-birinin ardınca işğalına səbəb olmuşdur. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə Azərbaycanı yaşadığı bu böhrandan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycanda müasir ordu quruculuğunun əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddətdə Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir olan mütəşəkkil hərbi qüvvəyə çevrildi.
Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli Ordunun olması olduqca vacibdir. Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Bu məqamı da qeyd edək ki, ordu quruculuğu istiqamətində mühüm addımlar ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə də əsas diqqət göstərilən məsələ olub. Belə ki, Azərbaycanı gələcəkdə müstəqil görmək istəyən Ümummilli Lider bu istiqamətdə mühüm addımlar atmışdır ki, bunlardan da biri gərgin səylər nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Bu gün böyük fəxrlə qeyd edirik ki, hazırda Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu hərbi liseyin yetirmələridir.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ordu quruculuğu sahəsində mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılması və gücləndirilməsinə, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu. Qeyd edək ki, müstəqilliyimizin ilk illərində ölkədəki mövcud vəziyyət orduda xidmətdən yayınma hallarının, fərariliyin artmasına səbəb olmuşdur. 1993-cü ildən sabitliyin yaradılması, orduya diqqət və qayğı bu halları aradan qaldırdı, Azərbaycan gəncləri böyük əhval-ruhiyyə ilə “Vətən mənə oğul desə nə dərdim...” deyib ordu sıralarına qoşulur, torpağının, Vətəninin keşiyində şərəflə dayanırdı.
Ümummilli lider Heydər Əliyev bildirirdi: «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik.» 1994-cü il mayın 12-də dahi şəxsiyyət Heydər Əliyevin böyük səyləri nəticəsində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizin sülh siyasətinə sadiqliyini dünyaya nümayiş etdirməklə yanaşı, digər sahələrin, o cümlədən ordunun da inkişafına geniş yol açdı. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət kimi dövlət siyasətinin əsasında dayandı.
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu hər an bəyan edirdi
Son 17 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələr kimi, ordu quruculuğunda da mühüm tədbirlər həyata keçirərək bugünkü Zəfərimiz üçün yaradılan möhkəm təmələ yeni əlavələr etdi. Cənab İlham Əliyev 2003-2021-ci illəri ərazi bütövlüyümüzün bərpasına, Dağlıq Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə edir. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı.
Ölkəmizin iqtisadi qüdrəti ordu quruculuğu sahəsində davamlı addımlara, Fərman və sərəncamların imzalanmasına yol açdı. Bu illər ərzində keçirilən Beynəlxalq Müdafiə sərgilərində, hərbi paradlarda Azərbaycan hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirirdi. 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin, eyni zamanda, Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən hərbi paradlarda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük inamla, əminliklə qeyd etdiyi hədəflər reallığa çevrildi. Ölkə Prezidenti bəyan etmişdir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.”
Azərbaycan Ordusu möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istəyimizi, arzumuzu reallığa çevirdi.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt qələbələri Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu göstərmişdir. Görünür Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Silahlı Qüvvələrinin bu dərsindən nəticə çıxarmadı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən əks hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən böyük qətiyyətlə alındı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışını yüksək əhval-ruhiyyə ilə cavablandıran ordumuz düşmənə layiq olduğu yeri göstərdi.
Zəfərimiz bu illər ərzində Azərbaycanın qazandığı uğurların zirvəsi kimi dəyərləndirilir. Bu illər ərzində bütün sahələrdə uğurlara imza atan Azərbaycanın yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsi idi. Prezident İlham Əliyev bütün beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın haqlı mövqeyini bəyan edərək, dünyaya bu çağırışı edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalı və bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Azərbaycan dövləti bu çağırışı ilə ədaləti, beynəlxalq hüququ müdafiə etməklə yanaşı, ikili siyasətin hansı problemlərə yol açdığını açıqlayırdı. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 ilə yaxın uzanması da bu ikili siyasətin nəticəsi idi.
Reallıq bu idi ki, Azərbaycanın təbliğatı real faktlara, tarixi həqiqətlərə əsaslanır, bütün hallarda Ermənistan fakt qarşısında aciz duruma düşürdü. Son 17 ildən artıq dövrdə Azərbaycanın diplomatik sahədə qazandığı uğurlara diqqət yetirmək kifayətdir. Azərbaycan regionda və dünyada söz sahibi olduğunu bir daha təsdiqlədi. Azərbaycan sözünün imzası qədər dəyəri olduğunu atdığı hər addımında nümayiş etdirdi.
Beynəlxalq hüququn müdafiəsi ilə yanaşı, ordu quruculuğu sahəsində də davamlı addımları ilə diqqət çəkən Azərbaycan Ermənistanın sərsəm bəyanatları ilə üz-üzə qalırdı. Dövlətimizin ordu quruculuğu sahəsində atdığı addımları, hərbi büdcəsini artırmasını sülh danışıqlarından imtina kimi dəyərləndirən Ermənistan hakimiyyəti bildirirdi ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. İllər keçdikcə danışıqları imitasiya naminə apardığı məlum olan Ermənistanın diqqəti özündən uzaqlaşdırıb Azərbaycanı günahkar kimi təqdim etməsi hər zaman dövlətimizin sərt reaksiyası ilə qarşılanıb. Azərbaycanın hərbi büdcəsini artırması, müdafiə qabiliyyətini gücləndirməsinin suveren haqqı olduğunu bildirən dövlətimizin başçısı bütün sahələrdə inkişafın getdiyini, ordunun bu tərəqqidən geri qalmasının mümkünsüzlüyünü hər zaman bəyan edib. Son 17 ildən artıq dövr Azərbaycanın tarixində torpaqlarımızın işğaldan azad edilməsi üçün səylərin artırılması, Ermənistanın ərköyünlüklərinin lazımi səviyyədə cavablandırılması, rəsmi Bakının sərt bəyanatlar səsləndirməsi ilə yadda qalıb. Son bəyanat isə Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəm xülyasına cavab oldu. Dövlətimizin başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bəyan etdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu illər ərzində Ordumuza, onun şəxsi heyətinə göstərilən diqqət və qayğının təməlində bir ali məqsəd dayanırdı- Torpaqlarımız erməni işğalçılarından azad edilsin, dövlətimizin ərazi bütövlüyü, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunsun, regionda sülh, əmin-amanlıq bərqərar edilsin. Dağlıq Qarabağ problemini ümumilikdə regionda iqtisadi tərəqqiyə, təhlükəsizliyə böyük maneə kimi dəyərləndirən, qətnamələrində ədalət meyarını öndə saxlayıb, beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasına çağırış edən beynəlxalq təşkilatların, dövlətlərin işğalçı Ermənistana “dur” demələrinin zamanı çoxdan çatsa da işğalçıya hansısa bir təzyiqin göstərilməsinin müşgülə çevrilməsi təəccüb doğurmaya bilməzdi. 30 ilə yaxın dövrdə Ermənistana “dur” deyə bilməyən, BMT Təhlükəsizlik şurasının qətnamələrini kağız üzərində saralmasına səbəb olan dövlətlərin, beynəlxalq təşkilatların görə bilmədiklərini Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində elədi. BMT Təhlükəsizlik şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan Ordusu dünyaya mesajlarını ünvanladı-Beynəlxalq hüquq mövcuddur, onun icrası dövlətlərin maraqları ucbatından çətinə düşüb. Dövlətlər maraqlarını bir tərəfə qoyub münaqişəli məsələlərə ədalət meyarından yanaşsalar həllini uzun müddət gözləməz, regionda və dünyada sülh, əmin-amanlıq, təhlükəsizlik olar.
Azərbaycanın Vətən müharibəsində Qələbəsini şərtləndirən əsas amillər bunlardır: iqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, bütün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran İlham Əliyev kimi liderin olması. Gənclərimizdə torpaq, Vətən sevgisi bu amillər sırasında xüsusi yer alır. 2003-cü ildən bu yana böyüyən gənclər torpaqlarımızın işğaldan azad edilməsində torpaq sevgisini nümayiş etdirdilər.
Şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir
Dövlətimizin başçısı İlham Əliyev “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi» fikirləri ilə Vətən müharibəsində Qələbəmizi şərtləndirən amilləri, həmçinin Zəfərimizin doğurduğu əks-sədanı, dünyaya çağırışları və qarşıdakı dövr üçün prioritetləri özündə ehtiva edir.
Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər. Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev daim çıxışlarında bəyan edirdi ki, gün gələcək üçrəngli bayrağımız Şuşada dalğalanacaq. O gün uzaqda deyil.
İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş 6 şəhərdə, 5 qəsəbədə, 300-ə yaxın yaşayış məntəqəsində dalğalanır. Bu Zəfərin müəllifi Ali Baş Komandan, Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı. Qarabağın ürəyi, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edilməsi Ermənistanın diz çökməsi ilə nəticələndi. Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı oldu. Azərbaycan Ordusu “yenilməz erməni ordusu” mifini darmadağın etdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dövlətimizin başçısı İlham Əliyev xalqa bütün müraciətlərində Qələbə xəbərlərini çatdırmaqla yanaşı, məhv edilmiş, yaxud qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının, silah-sursatının siyahısını təqdim edirdi. Bu əminlik də ifadə edilirdi ki, Zəfər paradında bunlar Azadlıq meydanında nümayiş olunacaq.
Zəfərimiz «Nəyi nə vaxt, necə edəcəyimizi bilirik» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. Cənab İlham Əliyev Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin hər birində bu məqamı xüsusi bəyan edirdi ki, 30 ilə yaxın dövrdə havadarları işğalçı Ermənistana vaxt qazanmaq üçün danışıqlar prosesinin imitasiya naminə aparılmasına dəstək olub. Bu diqqətin nəticəsi olaraq işğalçı dövlət yeni ərazilər uğrunda planlar hazırlayıb.
2020-ci ildə Ermənistan silahlı qüvvələrinin 3 dəfə təxribat cəhdləri də onların yeni ərazilər uğrunda mübarizələrinin göstəricisi idi. Sentyabrın 27-də baş verən hərbi təxribat Azərbaycan dövlətinin, xalqının səbrini daşırdı. “Artıq irəli” deyib düşməni yerində oturtmaq zamanı idi ki, güclü, qüdrətli Azərbaycan Ordusu missiyasını şərəflə yerinə yetirdi, işğalçı dövlətə elə bir dərs verdi ki, tarix boyu unuda bilməz. Azərbaycanın dünyaya səs salan “dəmir yumruq” əməliyyatının uğurlu nəticəsi bugünkü Zəfərimiz, Azərbaycanın regionda yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin olunması üçün əməkdaşlıq formatlarının yaradılmasıdır.
Bu Qələbə həm də Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı. Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda «Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi» söyləyən, hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən birgə hərbi təlimləri yüksək dəyərləndirən Prezident İlham Əliyev qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində dəstəyini daim önə çəkərək, bu birliyin, həmrəyliyin Zəfərimizdə stimulverici amil olduğunu xüsusi qeyd edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan tək deyil” bəyanatı ilə dünyaya ən mühüm mesajları çatdırdı.
Tarixi Zəfərimizin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı da bu birliyi özündə əks etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında iştirakı hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, sevindirdi. “Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» söyləyən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculq işlərini də qardaş ölkənin dəstəyi ilə birgə həyata keçirəcəyimizə əminliyini ifadə etdi.
Hərbi Paradda, onun ardınca dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkında Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının nümayişi işğalçı dövlətə və 30 ildə dəstək göstərib münaqişənin həlli prosesini uzadan dövlətlərə ciddi mesaj oldu.
Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin «Biz hərb istəmirik, amma hərbə hazırıq» sözlərini reallaşdırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Ölkə vətəndaşlarının intizarla gözlədikləri Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamasında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir.
Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın ordu quruculuğu sahəsində qazandığı uğurlar beynəlxalq təşkilatların hesabatlarında da xüsusi yer alır. Belə ki, Ordumuz «Qlobal atəş gücü» indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı qabaqlayır. Azərbaycan, həmçinin dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Təbii ki, bu dəyərləndirmələr dövlətimizin orduya diqqət və qayğısının, əsgərlərimizin peşəkarlığının, döyüş ruhunun artırılması istiqamətində atılan addımların uğurlu nəticəsidir. Heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmayan Ermənistanın ordusu fərarilərdən, qorxaqlardan ibarətdir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə erməni əsgərlərinin silah-sursatla yanaşı, papaqlarını qoyub qaçmaları, gənclərin koronavirus infeksiyasına yoluxma adı altında saxta sənədlərlə ordudan yayınmaları, yaşlı nəslin, ən əsası qadınların belə orduya cəlb edilməsi işğalçı dövlətdə yaşanan acınacaqlı durumun aydın mənzərəsini təqdim edirdi. Bu statistika açıqlandı ki, qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu övladlarının meyitini ala bilməyən ermənilər özləri belə təsdiqləyirdilər. Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilərin bundan sonra bu damğa ilə yaşayacaqlarını önə çəkən dövlətimizin başçısı İlham Əliyev Ermənistanı uğursuz ölkə adlandırır. Bu uğursuzluğa səbəb işğalçılıq siyasətidir.
Azərbaycan Ordusu işğalçıya qalib gəlməklə bölgədə erməni faşizminin belini qırdı. «Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq… Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər ki, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə» söyləyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində xarici mətbuata müsahibələrində göstərdiyi qətiyyət, qərəzli suallara məntiqli cavabları, dünya siyasətinin təhlili baxımından verdiyi açıqlamalar lider qətiyyətinin təqdimatı oldu.
Hər zaman bütün bayramlarda, xüsusilə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günündə xalqımıza təbrikdə bu arzu ifadə edilirdi ki, Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalansın. Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində bu arzumuz reallığa çevrildi.
Zəfər milli ruhun oyanışı, xalqımıza özünəqayıdış sevincini yaşadan şəhidlərimizin ruhu, qazilərimizin rəşadətidir
Xalqımıza qürur verən Zəfərimizin müjdəçisi olan bayrağımıza bürünən şəhidlərimizin ruhları rahatdır. “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir” tezisi hər birimizin həyat amalına çevrilməli, şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşamalı, onların həyat yolu gənclərimizə vətənpərvərlik məktəbi olmalıdır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Şəhid ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı davamlıdır. Cənab İlham Əliyevin tarixi Qələbəmizdən sonra ilk olaraq yaralı hərbçilərlə görüşməsi, onlara minnətdarlığını ifadə etməsi, bu Qələbənin qazanılmasında onların rolunu yüksək dəyərləndirməsi də bunun bariz nümunəsidir. Bu kateqoriyadan olan insanlar hər birimizin sevgi ilə yanaşdığımız ünvanlardır. Zəfərimizdən sonra, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə hərbçilərimizin Milli Qəhrəman adına layiq görülmələri, orden, medallarla təltif olunmaları qürurvericidir.
Ölkə Prezidentinin 25 iyun 2021-ci il tarixli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında Sərəncamı da ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ali Baş Komandanın bu mühüm addımı Silahlı Qüvvələrimizin bütün stukturlarında çalışan hərbiçilərimizə diqqət və qayğının bariz nümunəsidir.
Daim görüşlərində, çıxışlarında «Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir» bildirən Prezident İlham Əliyev bu fikri də böyük qürur hissi ilə qeyd edir ki, Azərbaycan xalqına qələbə yaraşır. Bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
Bu əlamətdar gün münasibətilə Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevi, ona hər zaman dəstək olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı, rütbəsindən, daşıdığı vəzifəsindən asılı olmayaraq bütün hərbçilərimizi təbrik edir, Vətəni qorumaq kimi müqəddəs məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmələrində uğurlar arzulayırıq. Vətən sənə əmanətdir, Azərbaycan əsgəri!