YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülh, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk

Azərbaycan postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyir. Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq.

Bu fikirləri Prezident İlham Əliyev Rumıniyanın, Avstriyanın, Litvanın xarici işlər nazirlərini və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən söyləyib.

“Əlbəttə, düşünürəm ki, sizin Ermənistanda təmaslarınız zamanı bu məsələ də müzakirə ediləcək. Çünki əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bunun Azərbaycan ilə Avropa İttifaqının fəal əməkdaşlıq edə biləcəyi sahələr olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “ Şadam ki, Avropa İttifaqı regional məsələlərdə öz iştirakını nümayiş etdirir və sizin səfəriniz bunun aydın göstəricisidir. Biz Cənubi Qafqazda sülh, barışıq, inkişaf və əməkdaşlıq işinə xidmət edən istənilən iştirakı qiymətləndiririk”.