YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın qış sessiyasında Kəlbəcərdə girov götürülmüş azərbaycanlılarla bağlı məsələ gündəmə gətirilib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız qurumun Vyanada keçirilən 14-cü qış sessiyasında iştirak edirlər.
ATƏT PA-nın hər üç komitəsinin birgə iclasında təşkilatın fəaliyyətdə olan sədri İviça Daçiç sədrlik dövründə qarşıda duran məqsəd və vəzifələr, fəaliyyətinin prioritetləri ətrafında çıxış edib. Sonra keçirilən sual-cavab zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova çıxış edib.
ATƏT PA-nın keçən ilin iyul ayında Bakıda keçirilmiş 23-cü illik sessiyasında qəbul olunmuş Bakı Bəyannaməsini xatırladan Bahar Muradova bu sənədin qarşıya qoyduğu vəzifələrin icrasının gələcəkdə ATƏT məkanında təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
B. Muradova İ. Daçiçə öz yaxınlarının məzarlarını ziyarət etmək istəyən və Ermənistan ordusu tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı sual ünvanlayıb. Milli Məclis sədrinin müavini bildirib ki, hər iki şəxsin üzərində qondarma “Dağlıq Qarabağ respublikasının dövlət sərhədlərini pozma” maddəsi üzrə separatçı rejim tərəfindən saxta məhkəmə şousu qurularaq, barələrində hökm çıxarılıb. Eyni zamanda, onların digər yoldaşı Həsən Həsənov amansızlıqla qətlə yetirilib. B.Muradova bu hadisədən dərhal sonra ATƏT PA-nın bütün rəsmi təmsilçilərini həmin şəxslərin girovluqdan azad edilməsi üçün səy göstərməyə çağırdığını diqqətə çatdırıb.
Bahar Muradova belə bir sual verib: “Siz ATƏT-in fəaliyyətdə olan sədri qismində həmin girovların azad edilməsi üçün hansı səyləri göstərə bilərsiniz? Sanksiyaların tətbiq edilməsi imkanının aktuallığını nəzərə alaraq, Azərbaycan vətəndaşlarının öz evlərinə dönmələrini təmin etmək məqsədilə Dağlıq Qarabağ separatçılarına və Ermənistan Respublikasına qarşı hansı sanksiyalar tətbiq oluna bilər?”
Sədrlik dövründə regiona səfər edəcəyini diqqətə çatdıran İ.Daçiç Dağlıq Qarabağ məsələsinin daim diqqət mərkəzində saxlanılmalı olduğunu qeyd edib. O, bu ilin əvvəlindən bəri qoşunların təmas xəttində 20-dən artıq insanın həlak olması xəbərinin onları narahat etdiyini söyləyib. İ.Daçiç deyib: “Bu məsələ ilə məşğul olan Minsk qrupu mövcuddur və sədrlik dövründə onun fəallığının artırılmasına çalışacağam. Həmçinin regionda etimadı gücləndirmək üçün kiçik, lakin real addımların atılması istiqamətində səylərimi gücləndirəcəyəm”.

 

DİGƏR Xəbərlər Arxiv