Xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın etimadnaməsini qəbul edib.
Səfir Robert Sekuta fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Robert Sekuta etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələri əhatə etdiyi məmnunluqla qeyd olundu. Bu əlaqələrin regional əməkdaşlıq, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, enerji, nəqliyyat və digər sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Səfir Robert Sekutanın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin uğurlu inkişafının davam edəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.