YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziyalı jurnalist: Azərbaycanlı media nümayəndələrinin minaya düşməsi hadisəsi bütün jurnalistlər üçün qəbuledilməzdir

Azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması yalnız mənim üçün deyil, bütün dünya jurnalistləri üçün çox kədərləndirici və qəbuledilməzdir.

Bu sözləri Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzetinin müxbiri Taqib Şaker deyib.

“Ermənistan ordusunun, erməni separatçıların törətdikləri bu qəddar hadisə onların bütün insanlığa qarşı yönəlmiş mahiyyətini tam açıqlığı ilə ortaya qoyur. Azərbaycan ötən ilin payızında möhtəşəm qələbə qazanaraq, 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarını qəhrəmanlıqla azad edib”, - deyə malayziyalı jurnalist bildirib.

Ermənistanın başqasının torpaqlarını işğal etmək məqsədilə başladığı müharibəni uduzduğunu etiraf etməli olduğunu vurğulayan T.Şaker qeyd edib ki, həmin ölkə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərə minalar basdırmaqla Azərbaycana qarşı əsassız münaqişəni davam etdirməkdə israrlıdır. Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində kütləvi şəkildə minalar basdırmasının məqsədi Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhalini qorxutmaq, onlara əlavə maneələr yaratmaqdır. Mülki azərbaycanlıların vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

“Bu bir daha təsdiq edir ki, Ermənistan ədalətli qonşu deyil və onun bu hərəkətləri münaqişənin yenidən qızışmasına səbəb ola bilər. Buna görə də bütün dünya Ermənistanın bu hərəkətlərini tam ciddiliyi ilə qınamalı, minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verilməsinə nail olmağa yardım etməlidir”, - deyə malayziyalı jurnalist bildirib.