Xəbərlər
Xalid Teymur Əkrəm: Kəlbəcərdə baş vermiş hadisə ermənilərin amansız və məsuliyyətsiz davranışının dəhşətli təzahürüdür
Bu yaxınlarda Kəlbəcərdə baş vermiş faciəli hadisə ermənilərin amansız və məsuliyyətsiz davranışının dəhşətli təzahürüdür. Ermənilərin minalanmış ərazilərin xəritəsini verməməsi daha çox insanın həyatını təhlükə altına qoyur.
Bunu Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm iyunun 4-də Kəlbəcərdə AZƏRTAC-ın əməkdaşı Məhərərm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov da daxil olmaqla 3 nəfərin ölümü ilə nəticələnən mina partlayışı ilə bağlı deyib.
Xalid Teymur Əkrəm Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində fəal iş apardığını, amma minalanmış ərazilərin xəritəsinin olmamasının insanların təhlükəsizliyinə ciddi təsir göstərdiyini deyib. Bildirib ki, döyüş əməliyyatları dayanandan sonra xeyli mülki şəxs və hərbçi mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb.
Belə əməllərin Ermənistanın terrorçu xislətinin davamı olduğunu vurğulayan pakistanlı tədqiqatçı beynəlxalq ictimaiyyətin bu dəhşətli problemə təcili reaksiya verməli olduğunu deyib.
Xalid Teymur Əkrəm deyib: “Ermənilərin vəhşiliyi və onların əsl siması bütün dünyanın gözü önündədir. Ona görə də beynəlxalq ictimaiyyət Ermənistana qarşı susmamalı, sərt qərarlar qəbul etməlidir. Gələcəkdə oxşar faciələrin yaşanmaması üçün Ermənistan rəhbərliyini minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyin vaxtı gəlib çatıb. Humanitar səbəblərə görə bu, mütləq edilməlidir”.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru aprel ayında Azərbaycanda səfərdə olarkən işğaldan azad edilmiş ərazilərə baş çəkdiyini, Ağdamda ermənilərin qəddar hərəkətlərinin nəticələrinin şahidi olduğunu deyib. Bildirib ki, ermənilər işğal etdikləri şəhər və kəndlərdə bütün binaları, infrastrukturu dağıdıb, təbii ehtiyatları talan ediblər. Dini, tarixi və mədəni abidələr vandalizmə məruz qalıb.
Xalid Teymur Əkrəm bildirib ki, müharibədən sonra ermənilərin atəşkəsi bir neçə dəfə pozmaq cəhdi regionda sülh və sabitliyin təminatı üçün təhlükə yaradır.