YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Əli Hüseynli,

Milli Məclisin deputatı

Məlum olduğu kimi, 2021-ci il mayın 24-dən 31-dək Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının "Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması" mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının dəvəti əsasında sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videodeoformatda çıxışı iştirakçıların və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Dövlətimizin başçısı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizəsini yüksək qiymətləndirərək 2021-ci ilin "Səhiyyə işçiləri ili" elan edilməsini təqdir etmiş və bu sahədə Azərbaycanda görülmüş içlər barədə dolğun məlumat vermişdir: “Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.

Son məlumata əsasən, Azərbaycanda artıq 2 milyon doza peyvənd istifadə edilmişdir ki,  bu da əhalinin 20 faizini təşkil edir. Pandemiyanın qarşısının alınması istiqamətində dövlət səviyyəsində ciddi, ardıcıl və müfəssəl tədbirlər həyata keçirilmiş, bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik və əlavələr qəbul olunmuşdur. Nəticə göz qabağındadır: bu gün artıq yoluxma sayı sürətlə azalaraq 2 faizdən aşağı düşmüş, ölüm halları isə təkrəqəmli ədədlə ifadə olunur.  Ona görə də  karantin rejiminin  tədricən yumşaldılması üçün münasib şərait yaranmışdır. Sakinlər artıq açıq havada maskasız hərəkət etmək və müvafiq tələblərə riayət etməklə metro və şəhərlərarası nəqliyyatdan istifadə etmək imkanı əldə etmişlər. Bir çox kütləvi tədbirlərin, o cümlədən toy şənliklərinin keçirilməsinə də icazə verilib.

Cənab İlham Əliyev öz çıxışında Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq mühitinin formalaşdığını vurğulayaraq bu qurumun fəaliyyətini dəstəkləmək məqsədi ilə ölkəmizin10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdiyi və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərildiyi barədə sessiya iştirakçılarını məlumatlandırmışdır.

Azərbaycanın bu istiqamətdə sərgilədiyi səmərəli fəaliyyət beynəlxalq səviyyədə də böyük marağa səbəb olmuş və dünya ictimaiyyətinin diqqətindən yayınmamışdır.. Ona görə də təsadüfi deyil ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.

Azərbaycan pandemiya ilə mübarizədə həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsi üçün bütün səviyyələrdə çağırışlar etmişdir. Ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu xüsusda Hərəkatın 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək lazımdır.

Davam edən "peyvənd millətçiliyi", peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlikdən bir  daha narahatlığını ifadə edərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağıran dövlətimizin başçısı bununla əlaqədar ölkəmizin birmənalı mövqeyini də açıqlamışdır: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.

Bu problemin həlli məqsədilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı Azərbaycan tərəfindən müzakirəyə təqdim olunmuş qətnamə layihəsinin cari ilin mart ayında yekdilliklə qəbul olunaraq hüquqi qüvvəyə minməsi ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisi kimi qürürverici faktdır.