Gündəm
Prezident İlham Əliyev: Biz tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə Türkiyə ilə bərabər çalışacağıq
Peşə təhsili ilə bağlı işlərə çox böyük ehtiyac var. Azərbaycan bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə azad edilmiş torpaqlarda o bölgələrin potensialına uyğun peşə məktəbləri yaradılmalıdır və biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik.
Bu barədə Prezident İlham Əliyev Türkiyənin milli təhsil naziri Ziya Selçuku qəbul edərkən söyləyib.
İkinci Qarabağ müharibəsi mövzusunun təhsil proqramlarına, tarix dərsliklərinə salınmasına göstəriş verdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq”.
Prezident vurğulayıb ki, bizim gənc nəsil tarixi olduğu kimi bilməlidir. “Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq”, - deyə Azərbaycan Prezidenti bildirib.