Xəbərlər
Turizm sektorunda kadr hazırlığının daha da yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm addımlar atılır
«Son illər Azərbaycanda turizm sektorunda kadr hazırlığının daha da yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm addımlar atılır». Bunu Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şixməmmədov deyib.
V.Şıxməmmədov bildirib ki, bunlardan da ən vacibi 2006-cı ildə ölkə Prezidentinin sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun yaradılması olub. Onun sözlərinə görə, bu, ölkəmizdə yüksək peşəkar kadrların hazırlığına xidmət edir.
«Daha sonra aşağı kateqoriyalı işçilərin peşəkarlığını daha da yaxşılaşdırılması, həmin sahədə olan mövcud problemləri aradan qaldırılması üçün Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılıb. Sözügedən peşə məktəbində ofisiant, aşbaz, turizm agenti, barmen, bufetçi, ofisiant, milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, mühasib fərdi kompyuter operatoru, ekoloji turizm bələdçisi və başqa sahələrdə şagirdlər yüksək səviyyədə ixtisas almaları üçün hazırlaşırlar. Bu da mehmanxana və mehmanxana tipli obyektlərdə xidmət sahəsində çalışanların hazırlıqlarının yaxşılaşdırılmasına köməklik göstərir. Daha sonra isə dövlət başçısının mədəniyyət və turizm sahəsində güclü mütəxəssis bazasının və kadr potensialının formalaşmasına göstərdiyi böyük diqqət və qayğı baxımından ötən il xüsusilə yaddaqalan olub. Belə ki, dövlət başçısının sərəncamı ilə Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlayacaq Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb. Bu universitet qarşıdakı illərdə təhsilin bütün istiqamətlərində peşəkar kadr hazırlığına xidmət edəcək. Bu sərəncamdan irəli gələn məsələlərdən biri də odur ki, universitetin infrastrukturasının yenilənməsidir»- deyə, V.Şıxməmmədov qeyd edib.